Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə bir sıra göstəriciləri açıqlayıb. İlin 10 ayında ölkədə 56 mlrd. 481,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektoru 2,1% artıb, onun ÜDM-də payı 62,7% olub. Neft sektorunda istehsal 6% azalıb.
ÜDM istehsalının 40,2%-i sənayedə, 10,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,8%-i tikintidə, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 16,7%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olub.
İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər (0,7%) artaraq 2017-ci il 1 oktyabr tarixinə 9 milyon 875 min 273 nəfər olub.