Kinematoqrafiya sintetik sənət olduğundan birləşdirdiyi bədii ifadə növlərindən (ədəbiyyat, musiqi, rəssamlıq və s.) bəhrələnərək öz qanunlarını yaradıb. Bu baxımdan kino sənəti ilə bədii ədəbiyyat arasında bağlılıq xüsusilə diqqət çəkir.
Dünya kino tarixinə nəzər salsaq, klassik ədəbiyyatdan müasir dövrün ədəbi nümunələrinədək yüzlərlə əsər əsasında film çəkildiyini görərik. “Küləklə sovrulanlar”, “Hamlet”, “Romeo və Cülyetta”, “Anna Karenina”, “Xaç atası”, “Odissey” və s. filmlər məşhur ədəbi əsərlərə yeni ekran həyatı verib.
Azərbaycan kinosunda da milli ədəbiyyatımızdan bəhrələnərək çəkilən maraqlı ekran əsərləri var. Təsadüfi deyil ki, milli kinomuzda ilk tammetrajlı bədii film məhz ədəbi əsər əsasında lentə alınıb.
1916-cı ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənəti” povesti əsasında çəkilən (rejissor Boris Svetlov) eyniadlı filmdə o dövrün böyük sənətkarları - Hüseyn Ərəblinski (Lütfəli bəy), Məmməd Əlili (mollaxana şagirdi), Qurban Pirimov (tarzən), Cabbar Qaryağdıoğlu (xanəndə) və digərləri çəkilib. Film XX əsrin əvvəllərində neft bumu yaşayan Bakıdan, “qara qızıl” hesabına qısa müddətdə varlanan insanın (Cəlil) mənəvi deqradasiyasından bəhs edir. 1980-ci ildə bu əsər “Qızıl uçurum” adı ilə (ssenari müəllifi Mirzəağa Atəş) rejissor Fikrət Əliyev tərəfindən ikinci dəfə ekranlaşdırılıb. Bu filmdə tanınmış aktyorlar Əliabbas Qədirov (Cəlil), Həmidə Ömərova ( Şəfiqə), Hamlet Xanızadə (Lütfəli bəy), Məmmədrza Şeyxzamanov (Qurban) və s. çəkiliblər.
“Uzaq sahillərdə” filmi İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı əsəri əsasında rejissor Tofiq Tağızadə tərəfindən 1958-ci ildə ekranlaşdırılıb. II Dünya müharibəsində cəsur partizan Mehdi Hüseynzadənin (Mixaylo) göstərdiyi qəhrəmanlıqlardan bəhs edən film bu gün tamaşaçılar tərəfindən sevilərək baxılır. Filmdə baş rolu görkəmli aktyor Nodar Şaşıqoğlu ifa edir və bu onun kinoda ilk işidir. Filmin musiqisini dahi bəstəkar Qara Qarayev yazıb.
“Böyük dayaq” filmi Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında 1962-ci ildə rejissor Həbib İsmayılov tərəfindən lentə alınıb. Siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılan bir kəndin, kolxozun (“Yeni həyat”) timsalında o dövrdə ölkə həyatında baş verən dəyişikliklərdən söhbət açılır. Filmdə Ələsgər Ələkbərov (Rüstəm), Tamilla Rüstəmova (Maya), Həsən Məmmədov (Qaraş), Leyla Rzayeva (Səkinə), Zemfira Əliyeva (Pərişan), Nəsibə Zeynalova (Telli) və digər aktyorlar çəkiliblər.
“Dəli Kür” filmi yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında 1969-cu ildə rejissor Hüseyn Seyidzadə tərəfindən çəkilib. Film Azərbaycanda qabaqcıl ziyalıların, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, Cahandar ağanın timsalında Azərbaycan bəylərinin çar üsul-idarəsi ilə münasibətlərdən, dini fanatizm və əxlaqi məsələlərdən bəhs edir.
Filmdə Ələddin Abbasov (Cahandar ağa), Eldar Əliyev (rus Əhməd), Vladislav Kovalkov (Çernyayevski), Məlik Dadaşov (Molla Sadıq), Leyla Bədirbəyli (Zərnigar), Ceyhun Mirzəyev (Osman) və digər aktyorlar çəkiliblər.
“Axırıncı aşırım” filmini 1971-ci ildə rejissor Kamil Rüstəmbəyov yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında ekranlaşdırıb. Hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə Həsən Məmmədov (Abbasqulu bəy), Adil İsgəndərov (Kərbəlayı İsmayıl), Məlik Dadaşov (Qəmlo), Hamlet Xanızadə (Talıbov), Həsənağa Turabov (Xəlil), Şəmsi Bədəlbəyli (Şabanzadə), Şahmar Ələkbərov (İman) və digərləri yaddaqalan obrazlar yaradıblar.
“Dərviş Parisi partladır” filmi böyük dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının motivləri əsasında 1976-cı ildə rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov tərəfindən ekranlaşdırılıb. Filmdə Qarabağın, Şuşanın əsrarəngiz təbiət mənzərələri ilə bu gün tamaşaçılarımız tərəfindən xüsusi bir həsrətlə baxılır.
Filmdə Sergey Yurski (Müsyö Jordan), Adil İsgəndərov (Hətəmxan ağa), Leyla Bədirbəyli (Şəhrəbanu), Ənvər Həsənov (Şahbaz bəy), Həsənağa Turabov (Rəşid bəy) və digər aktyorlar rol alıb. Korifey müğənni Mirzə Babayevin ifasında dərviş Məstəli şah rolu xüsusən yaddaqalandır.
“Təhminə” filmi Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında rejissor Rasim Ocaqov tərəfindən 1993-cü ildə ekranlaşdırılıb. Kino tariximizdə ən maraqlı melodram sayılan film Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) uğursuz sevgi macərasından bəhs edir. Həsən Məmmədov (professor Zeynalov), Zərnigar Atakişiyeva (Zivər), Həsənağa Turabov (Dadaş) kimi sevilən aktyorlar da filmdə rol alıb. Qeyd edək ki, Anarın romanı 1996-cı ildə "Beşmərtəbəli evin altıncı mərtəbəsi" adı altında (rejissor Ülviyyə Könül) ikinci dəfə ekranlaşdırılıb.
“Hökmdarın taleyi” filmi İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında 2008-ci ildə ekranlaşdırılıb. Filmin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu rejissorlar Ramiz Fətəliyev və Dilşad Fatxulindir. Film Qarabağ xanı İbrahim xanın faciəli həyatından, XIX əsrin əvvəlində Azərbaycan torpaqlarının Rusiya və İran arasında parçalanmasından bəhs edir. Filmdə Fəxrəddin Manafov (İbrahim xan), Günəş Əliyeva (Ağabəyim ağa), Pərviz Məmmədrzayev (Fətəli şah) və digər aktyorlar çəkilib. Filmin musiqisini Polad Bülbüloğlu yazıb.
Reyhan İsayeva