Əsərdə musiqinin bütün janrlarından istifadə olunub
   
   Biri var idi, biri yox idi, Sindbad adlı bir oğlan vardı. Bir gün Sindbad səyahətə çıxmaq, dünyanın möcüzələrini görmək istəyir...   
   Budur, artıq XXI əsrdə “Min bir gecə nağılları”nın məşhur qəhrəmanının sorağı Azərbaycanın paytaxtı Bakıdan gəlir. Özü də sadəcə səyyah kimi deyil. Sindbad Azərbaycanda yeni rok-operanın qəhrəmanı kimi yaddaşlarda qalmaq iddiasındadır. Sevilən qəhrəmanı multikulturalizm paytaxtına dəvət edən isə “24 saatlıq zaman sanki bir melodiyadır və o hər məqamda beynimdə, ruhumda səslənir”, - deyən bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. Onun əsərləri mütəmadi olaraq Rusiya, İtaliya və başqa ölkələrin şəhərlərində səhnəyə qoyulur.
   Bəs necə oldu ki, səyyah Sindbadın sərgüzəştləri musiqinin sehrli notlarına köçürüldü? Bu barədə müəllif özü, ölkəmizdən kənarda musiqi sənətimizin layiqli təbliğatçılarından olan Rizvan müəllim geniş məlumat verdi. 
   
   Azərbaycan musiqisində yenilik
   
   Musiqiçi deyir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Səyyah Sindbad” adlı rok-opera üzərində bir il dörd ay işləyib. Opera millət vəkili, akademik Rafael Hüseynovun sözlərinə yazılmış musiqi ilə başlanır. Həmsöhbətim bildirir ki, əsərin maraqlı tarixçəsi var: “Bu əsərin ilkin variantını 40 il əvvəl yazmışdım. Bu dəfə isə onu tam yeni, tamamlanmış şəkildə təqdim etmək imkanım yarandı. Bu, multikultural bir layihədir. Operada dünya klassiklərinin şeirlərindən nümunələr, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeiri də yer alıb. Seçdiyim bütün mətnlər əsərə uyğun gəlir”. 
   Rok-operanın ilkin variantı 25 dəqiqədən ibarət olub. Yeni variant isə 1 saat 40 dəqiqədir. Müəllif əsəri Azərbaycan musiqisi üçün yenilik hesab edir. Çünki burada musiqinin bütün janrlarından, o cümlədən simfonik musiqi, bədii qiraət və s. istifadə olunub. Operanın gələn il təqdim olunması nəzərdə tutulur. 
   Hər bir yaradıcı insan, rəssam, bəstəkar, yazıçı yaratdığı əsərlə hansısa fikri ötürmək, nəsə demək istəyir. Bəstəkar və librettonun müəllifi kimi bu əsərdə hansı mesajı ötürmək istəyirsiniz sualımıza müəllifin cavabı sadə oldu: “Mən sadəcə öz duyğularımı, düşüncələrimi nota köçürmüşəm. Əsər marağımın bəhrəsidir. Hələ o vaxt ilkin variantı hazırlayanda dostum Azad Hacıyev sözlərini yazdı, mən də musiqini. Həmin dövrdə 25 dəqiqəlik əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş oldu ki, nazirlik tərəfindən bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına göstəriş verildi. Müəllif olduğum üçün demirəm, sadəcə sənətə və Azərbaycan mədəniyyətinə diqqət baxımından bu əsər sənət tariximiz üçün bir hadisə olacaq”.
   “Səyyah Sindbad”da tanınmış ifaçılar yer alıb. Rok-operada Mikayıl Rəfiyev (Sindbad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.
   Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Mariya Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur. 
   Həmsöhbətim qeyd edir ki, operada sənətsevərlərin marağına səbəb olacaq nüanslar da var: “Nərgiz Əlizadə əsərin ingilis dili variantını ifa edir. Gözəl səsi və ingilis dilində tələffüzü mükəmməl olduğu üçün onu seçdik. İlk olaraq onun partiyası üçün Robert Bernsin mətnlərini nəzərdə tutmuşdum. Daha sonra həmin mətnlərin bədbin olduğunu görüb, gənclik illərimdən sevdiyim ingilis şairi Samuel Kolricin yaradıcılığına müraciət etdim. Digər partiyalarda isə mətn araşdırmalarında Gülşən İbadova mənə gözəl şeirlər təklif etdi. “Cənnətdəki qeydlər" adlı şeirlərin müəllifi Leyla Əliyevadır. Mən hələ 2015-ci ildə Leyla xanımın sözlərinə “Ulduzlar pilləkən olsaydı” mahnısını bəstələmişdim. Mətn xoşuma gəldi və qısa zamanda yeni ariyanın da melodiyası hazır oldu. Rok- operada bu mahnı “Yalvarış” adlanır və Gülşən də onu dərindən ifa edib”.

   “Yaradıcılıqda tapdığım daxili azadlıq mənim səadətimdir” 
   
   Bəstəkar illərlə ərsəyə gətirmək arzusunda olduğu əsərin ortaya çıxmasına dəstək olduğuna görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirir: “Premyeradan sonra operanın Azərbaycan dilində tam variantını da hazırlamağı düşünürük. Hazırda bu versiyanın üzərində akademik Rafael Hüseynov işləyir”. 
   Musiqi Rizvan müəllimin həyatının mənasıdır. Yüzlərlə mahnı bəstələyib. İtaliya, Çexiya və Rusiyada 3 diski işıq üzü görüb: “Yaradıcı təxəyyülümün musiqidə təzahürü, daxili azadlığımın bu formada nümayişi mənim səadətimdir. Çünki bir insanın yaratdığı başqalarına zövq verirsə, onun daxili dünyası ilə ətrafdakılar, lap elə min kilometrlərlə uzaqda olan insanlar ruh birliyi yaşayırsa, bu ən böyük mükafatdır”.
   İnanırıq ki, Azərbaycan musiqi mədəniyyəti tarixinə yeni rok-opera kimi yazılan və Xəzərin sahilindən yola çıxan “Səyyah Sindbad” dünyanın musiqi okeanında çox sərhədləri aşa biləcək. 
   
   Lalə Azəri