Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif konserti və “Tofiq Bakıxanov” broşürünün təqdimatı keçirilib.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərindən, yaradıcılığından söz açıb. Bildirib ki, bəstəkar musiqinin bir çox janrlarına müraciət edib, simfonik orkestr üçün əsərlər, instrumental konsert və kamera əsərləri, “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər” baletləri, musiqili komediyalar, bir çox mahnı və romansların müəllifidir. “Xəzər balladası” baleti 1969-cu ildə Fransada beynəlxalq rəqs festivalında nümayiş olunub.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova müəllifi olduğu “Tofiq Bakıxanov” kitabının məziyyətlərindən danışıb və bəstəkarın “Şərq sonataları” haqqında məruzəsini dinləyicilərin diqqətinə çatdırıb. Qeyd edib ki, Tofiq Bakıxanovun yaradıcılığının böyük hissəsini kamera instrumental əsərlər təşkil edir. Bəstəkarın kamera instrumental musiqi janrlarına müntəzəm müraciət etməsi təkcə bu sahədə öz üslubunu dolğun reallaşdırma bacarığı ilə deyil, həm də A.Zeynallı adına Musiqi kollecinin skripka və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera ansamblı sinfindəki işinin spesifikası ilə bağlıdır.
Tədbir bəstəkarın yaradıcılığına həsr olunmuş konsert proqramı ilə davam edib.