Azərbaycan
   
   17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandakı tarixi yurdlarından deportasiyasına etiraz olaraq Bakıda fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər ölkədə milli dirçəliş hərəkatına təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.   
   17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. "Azərbaycan xalçalarında ornament", "Azərbaycan xalçası" çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub. 
   17 noyabr 1927 - Yazıçı-jurnalist Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Közərən sətirlər”, “Qarlı gecələr” və s.
   17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
   17 noyabr 2006 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 - 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda (“Bayquş gələndə”, “Ötən ilin son gecəsi”), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   18 noyabr 2000 - Bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. «Hicran», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Televiziya tamaşalarına, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Ölsəm... bağışla” və s.) musiqi yazıb.

   19 noyabr 1915 - Bəstəkar, tarzən Hökumə Yusif qızı Nəcəfova (1915-2002) Bakıda anadan olub. "Kaş ki, gözəl olmayaydım", "Ceyran balası" və s. populyar mahnıların müəllifidir. 
   19 noyabr 1935 - Dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) rektoru olub.
   
   20 noyabr 1910 - Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.
   20 noyabr 1930 - Aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", “Dədə Qorqud”, "Doğma sahillər" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.
   20 noyabr 1930 - Ədəbiyyatşünas, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub. 
   20 noyabr 1935 - Xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (1935 - 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.
   20 noyabr 1956 - Azərbaycan teatr tarixinin görkəmli simalarından biri, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896 - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.
   20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb. 

   Dünya
   
   17 noyabr Beynəlxalq tələbə günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbə konqresində təsis edilib. 
   17 noyabr 1895 - Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.
   17 noyabr 1942 - Amerika rejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar” mükafatı, 2007) və s.
   
   18 noyabr 1786 - Alman bəstəkarı və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
   18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
   18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.
   18 noyabr 1927 - Rusiya kinorejissoru, ssenarist, dramaturq, SSRİ Xalq artisti Eldar Aleksandroviç Ryazanov (1927 - 30.11.2015) anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, "İki nəfər üçün vağzal" və s. 
   
   19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
   19 noyabr 1711 - Görkəmli rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
   19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.
   19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900 - 3.6.1983) anadan olub. Əsərləri: “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
   19 noyabr 1903 - Baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
   19 noyabr 1962 - Amerika aktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına (“Müttəhimlər”, 1988; “Quzuların susması”, 1991) layiq görülüb.
   
   20 noyabr Dünya uşaq günüdür (Universal Children's Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu il 20 noyabrda “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası” qəbul olunub.
   20 noyabr 1890 - Amerika aktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
   20 noyabr 1910 - Rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” və s. romanların, povest və pyeslərin müəllifidir.
   20 noyabr 1925 - Məşhur rus balerinası, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mayya Plisetskaya (1925 - 2.5.2015) anadan olub. Uzun illər Rusiya Böyük Teatrının prima-balerinası olub. 
   20 noyabr 1927 - SSRİ Xalq artisti Mixail Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”.
   
   Hazırladı: Vüqar Orxan