Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın 75 illiyi münasibətilə elmi konfrans keçirildi. Tədbirdə musiqişünasın Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr etdiyi “Koroğlu” monoqrafiyasının təqdimatı oldu.
   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Zemfira Qafarovanı təbrik edərək həyat və fəaliyyətindən söz açdı. Bildirdi ki, yubilyar həm pedaqoji, həm də elmi fəaliyyətinə hər zaman geniş yer ayırır. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini araşdırıb. Onun bəstəkarlardan Ramiz Mustafayev, Tofiq Bakıxanov, Hacı Xanməmmədov, Şəfiqə Axundova haqqında monoqrafiyaları, Üzeyir bəyin "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan dərs vəsaiti, çoxsaylı elmi məqalələri milli musiqimizin tədqiqinə və təbliğinə xidmət edir. Onun yetişdirdiyi musiqişünaslar müxtəlif elmi simpoziumlarda ölkəmizi müvəffəqiyyətlə təmsil edirlər. 
   Diqqətə çatdırıldı ki, Zemfira Qafarova uzun illərdir Bəstəkarlar İttifaqında çalışır. Hələ 70-ci illərdə böyük bəstəkar Tofiq Quliyev onun bacarığını yüksək dəyərləndirərək Zemfira xanımı ittifaqın işinə cəlb etmişdi. Qeyd olundu ki, musiqişünasın “Üzeyir Hacıbəylinin “Koroğlu”su” kitabı hələ rus dilində ilk nəşrindən sonra böyük əks-səda doğurmuşdu. Musiqişünas qələmə aldığı mövzuda təkcə musiqidən bəhs etmir, eyni zamanda dövrün ümumi sənət panoramını əks etdirir. 
   Elmi konfransda Əməkdar incəsənət xadimləri, professorlar Həcər Babayeva, İmruz Əfəndiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Ülkər Talıbzadə, Səadət Seyidova, Raya Abbasova yubilyarın elmi-pedaqoji fəaliyyətinin müxtəlif cəhətlərinə dair məruzələr etdilər. Xalq artisti, bəstəkar Tofiq Bakıxanov yubilyarı təbrik edərək yaradıcılığının xüsusiyyətləri haqqında fikirlərini bölüşdü. 
   Tədbir konsert proqramı ilə davam etdi. Proqramda Əməkdar artist Sahib Paşazadə, R.Babayev adına 25 saylı musiqi məktəbinin simfonik orkestri, Bakı Musiqi Akademiyasının tələbələri Ü.Hacıbəyli, T.Bakıxanov, H.Xanməmmədov, R.Mustafayevin əsərlərini ifa etdilər. 
   Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Alim “Üzeyir Hacıbəylinin “Koroğlu”su” kitabının ərsəyə gəlməsində dəstək göstərdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. 
   Qeyd edək ki, kitab “Renassans-A” nəşriyyat evində çap edilib. Kitaba ön sözün müəllifi Xalq artisti Tofiq Quliyevdir. Kitabın ilk nəşri 1994-cü ildə rus dilində işıq üzü görüb.
   
   Lalə Azəri