Maestro Rauf Abdullayevin 80 illik yubileyi qeyd olundu
Noyabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr olunmuş gecə keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rauf Abdullayevin yaradıcılıq yolundan danışdı, onun sənət uğurlarını qeyd etdi. Bildirdi ki, ölkəmizdə hər zaman mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Bu yaxınlarda Rauf Abdullayevin Prezident İlham Əliyevin imzaladığı sərəncamla “İstiqlal” ordeni ilə təltif olunması sənətə və sənətkara verilən böyük qiymətin göstəricisidir: “Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında Rauf Abdullayevin özünəməxsus yeri var. Əsası böyük dirijor Niyazi tərəfindən qoyulan Azərbaycan dirijorluq məktəbinin sonrakı inkişafında Rauf müəllimin öz imzası var”.
Nazir vurğuladı ki, Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan və bir çox dünya bəstəkarlarının əsərləri məharətlə ifa olunub: “Rauf Abdullayevin geniş repertuarına müxtəlif dövrlərdən, üslub və cərəyanlardan olan əsərlər daxildir. Azərbaycan bəstəkarlarının bir çox operaları, balet və simfoniyaları məhz Rauf Abdullayevin rəhbərliyi ilə ilk dəfə ölkə daxilində və xaricdə səsləndirilib. O, eyni zamanda Azərbaycan klassik musiqisi ilə yanaşı, dünya klassik musiqilərini, gənc bəstəkarlarımızın əsərlərini ifa etməklə musiqi duyumumuza yeni bir ab-hava gətirib”.
Rauf Abdullayevin ölkəmizdə gənc musiqiçi nəsillərin yetişməsində də xidmətləri olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev qeyd etdi ki, maestronun pedaqoji fəaliyyəti nəticəsində ölkəmizdə yeni-yeni savadlı, istedadlı gənclər ortaya çıxır.
Nazir çıxışının sonunda bir daha yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzuladı.
Daha sonra tədbir konsert proqramı ilə davam etdi. Maestronun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin “Taleyin gücü” operasından uvertüra, Qara Qarayevin “Don Kixot” simfonik qravürləri və “İldırımlı yollarla” baletindən fraqmentlər, Ottorino Respiginin “Pini di Roma” əsərləri səsləndirildi.
Qeyd edək ki, Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsini bitirib. 1960-1965-ci illərdə Sankt-Peterburq Dövlət Konservatoriyasında Opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dirijor kimi dəvət alan sənətkar 1968-1984-cü illərdə burada baş dirijor olaraq çalışıb. O, 1984-cü ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərir. Görkəmli dirijorun rəhbərliyi ilə bu orkestr bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib.
Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə Əməkdar incəsənət xadimi, 1982-ci ildə Xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, bu günlərdə isə “İstiqlal” ordeni ilə təltif edilib.
Fariz Hüseynov