Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, musiqi təşkilatçısı, Xalq artisti Fikrət Verdiyevin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 55 illiyi münasibətilə tədbir keçirildi. 
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev yubilyarın həyat və yaradıcılığı barədə danışdı. O, tarzənin Azərbaycanın musiqi mədəniyyəti tarixində, xüsusən də Gəncədə xalq çalğı alətləri ansamblının, filarmoniyanın bədii kollektivlərinin yaradılmasındakı rolundan bəhs etdi. 
   Bildirildi ki, 1947-ci ilin payızında Gəncədə ziyalı ailəsində dünyaya gəlmiş Fikrət Verdiyev kiçik yaşlarından musiqiyə böyük maraq göstərir, hələ 1 saylı şəhər musiqi məktəbində, Q.Hüseynli adına Gəncə orta ixtisas Musiqi kollecində təhsil aldığı illərdə məktəblilərdən ibarət ansambl yaradır, həmin ansambl ilə festivallarda çıxış edir. Tələbə ikən musiqi məktəbində dərs deməyə başlayan Fikrət Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Tar-dirijor, xalq çalğı alətləri ifaçılığı fakültəsində məşhur tarzən, bəstəkar və pedaqoq Adil Gərayın sinfində təhsil alır. 1969-cu ildə "Göygöl" xalq çalğı alətləri ansamblını təşkil edir. 
   Sonralar dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblının konsertmeysteri kimi ölkələr dolaşmış sənətkar bu gün də iş başındadır, yaradıcılıqla yanaşı, təşkilatçılıq fəaliyyətini də davam etdirir, Gəncə filarmoniyasının bədii rəhbəridir. 
   Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, yubilyarın tələbəlik dostu, Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev onun haqqında ürək sözlərini paylaşdılar. 
   Sonra tədbir iştirakçıları yubilyarın həyat və yaradıcılığının ən önəmli məqamlarını əks etdirən videoçarxı izlədilər. 
   Xalq artisti Teymur Göyçayevin idarə etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri səhnəyə çıxdı. Yubilyar orkestrin müşayiəti ilə bəstəkar Hacı Xanməmmədovun tar ilə orkestr üçün konsertinin 2-ci və 3-cü hissələrini solo ifa etdi. 
   Tanınmış müğənnilərdən Xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Tünzalə Ağayeva, Almaz Orucova, Sevinc Sarıyeva, İlkin Əhmədov, Babək Niftəliyev, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov və başqaları öz ifaları ilə həm yubilyarın, həm də yubiley gecəsinin seyrçilərinin qəlbini oxşadılar. Müğənniləri Xanlar Cəfərovun rəhbərlik etdiyi "Rast" instrumental ansamblı müşayiət edirdi. 
   Gecənin sonunda Fikrət Verdiyev çıxış edərək milli mədəniyyətin, xüsusilə muğam sənətinin inkişafına göstərdikləri diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. 
   Deyirlər ki, insanın bir öz yaşı var, bir də öz sənətinə həsr etdiyi yaşı. Yaşanan ömür mənalıdırsa, sənətə həsr edilən illər məhsuldardırsa, onda bu rəqəmlər gərək toplana. Əgər belədirsə, o zaman Fikrət Verdiyevi 70 üstəgəl 55 yaşı ilə təbrik edirik! 
   
   Gülcahan Mirməmməd