Noyabrın 20-də F.Əmirov adına onbirillik Uşaq incəsənət məktəbində “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagirdlərin II elmi ifaçılıq konfransı keçirildi. Tədbir görkəmli bəstəkarın anadan olmasının 95 və sənətkarın adını daşıyan məktəbin 55 illik yubileyləri münasibətilə təşkil edilmişdi.
Tədbir iştirakçıları əvvəlcə məktəbdə yaradılmış Fikrət Əmirov guşəsi ilə tanış oldular. Məktəbin direktoru, bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifova guşə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, burada bəstəkarın kitabları, elmi məqalələri, musiqi əsərləri yer alıb. Bu da məktəbdə davamlı olaraq təhsil alan şagirdlərə görkəmli bəstəkarın yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradır.
Sonra məktəbin akt zalında elmi ifaçılıq konfransı başlandı. Şagirdlərin ifasında görkəmli bəstəkarın “Aslanın mahnısı”, “Min bir gecə” baletindən “Mərcanın rəqsi”, ”Şəhriyar nağıllar aləmində”, “Sevil” operasından “Vals”, “Göygöl” mahnısı, “Gözün aydın” musiqili komediyasından “Rəqs” və digər əsərləri səsləndirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək şagirdlərin ifasını yüksək qiymətləndirdi. Qeyd etdi ki, F.Əmirov professional bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun zəngin yaradıcılığı musiqimizin inkişafında yeni mərhələ açıb. Əsərləri dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olub. Bu əsərlər milli zəminə bağlıdır. Bu da onu göstərir ki, dahi bəstəkar folklorumuzu, xalq musiqisini çox gözəl bilib.
Sonda məktəbin direktoru Adilə Yusifova çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, şagirdlərin səsləndirdiyi bu əsərlər böyük bəstəkara şöhrət qazandırıb.
Savalan Fərəcov