Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransı keçiriləcək. Bu barədə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının saytında məlumat verilib.
Konfransda ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Beynəlxalq tədbir turizm və mədəniyyət sektorları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda bu sahələrin roluna həsr olunacaq.
Konfrans mədəniyyət və turizm nazirliklərindən, müvafiq sektorlar üzrə milli, regional və yerli hakimiyyət orqanlarından, akademik müəssisələr və özəl sektordan 500-dək nümayəndəni bir araya gətirəcək.
Qeyd edək ki, mədəniyyət və turizm nazirlərinin birgə toplantısı ilə bağlı ilk təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb və 2013-cü ilin 30-31 may tarixində Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin konfransı təşkil edilib.