Milli Konservatoriyada Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert
Noyabrın 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
“Mədəniyyət” telekanalı ilə birgə təşkil olunan konsertdən əvvəl çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi öz musiqiləri ilə qəlblərdə yaşayan unudulmaz bəstəkarla bağlı xatirələrini dilə gətirdi, yaradıcılığının özəl tərəfləri haqqında fikirlərini bölüşdü. Rektor bildirdi ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. Onun mahnıları əbədiyaşardır. Bəstəkarın yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edib. Onun mahnıları musiqiyə sonsuz sevgisinin təcəssümüdür. Bu gün gənc nəsil ifaçılar da mütəmadi olaraq Tofiq Quliyevin əsərlərinə müraciət edirlər.
Rektor tədbirin hazırlıq prosesindən də danışaraq konsertin ərsəyə gəlməsində xüsusi rolu olan Xalq artisti, AMK-nın Milli vokal kafedrasının müdiri Azər Zeynalova təşəkkürünü bildirdi.
Sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunduqdan sonra tələbələrin ifasında Tofiq Quliyevin ölməzlik qazanan mahnıları bir daha pərvazlanaraq salonu bürüdü. Böyük sevgi, həssas hisslərlə dolu olan musiqilər gənc vokalçıların ifasında sanki daha da gəncləşərək əbədiyaşarlığını sübut edirdi.
Konsertin sonunda səhnəyə dəvət olunan bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev tədbirin təşkilinə görə konservatoriyanın rəhbərliyinə təşəkkür edərək gənc ifaçıları uğurlu çıxışlarına görə təbrik etdi.
Tədbirdə AMK-nın professor-müəllim heyəti, tələbələr, qonaq qismində xalq artistləri Azərpaşa Nemətov, Hacı İsmayılov, Rafiq Əliyev iştirak edirdilər.
L.Azəri