Naftalan şəhərində sayca on birinci istirahət-sağlamlıq mərkəzinin təmir-tikinti və yenidənqurma işlərinə başlanılıb. Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
   Bildirilib ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması məqsədilə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası çərçivəsində Naftalan şəhərində müvafiq tədbirlər həyata keçirilir. Naftalanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara həm münbit şərait yaradılıb, həm də son illər beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən şəhərin infrastrukturu yenidən qurulub.
   Qeyd edilib ki, 2017-ci ilin iyulunda fərdi sahibkar tərəfindən köhnə “Naftalan” mehmanxanasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Hazırda əsaslı təmir və yenidənqurma prosesinin davam etdiyi binada tikinti işləri “AM.M. LİNE” MMC tərəfindən həyata keçirilir. Ümumi sahəsi 4 min 71 kvadratmetr olan “Naftalan Inn Hotel & SPA” 10 mərtəbədən, 81 otaqdan ibarətdir. 2018-ci ilin sonunadək istifadəyə veriləcək hoteldə 55 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Naftalanın mərkəzində yerləşən hoteldə yenidənqurma işləri yekunlaşdıqdan sonra bina həm də özünün müasir görkəmi ilə şəhərin ümumi görünüşünə xüsusi gözəllik bəxş edəcək.
   Son illərin statistikası göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün şəhərə gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Hazırda Naftalanda üç və beşulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi turistləri qəbul edir. Bu məkanlarda gün ərzində 2200 qonağı qarşılamaq və onlara xidmət göstərmək mümkündür.