Avtobusdakı saata baxıram. Gündüz saat 3-ə az qalıb. Tıxac isə bitmək bilmir ki, bilmir. Elə bil heç istirahət günü deyil. Sanki məktəblilər tətilə çıxmayıb, şəxsi maşını olanlar tətildədir, hamısı şəhərdə "təkər seyrinə" çıxıblar. Dayanacaqda düşüb az qala qaçaraq gedəcəyim ünvana üz tuturam. Yol boyu uşaqların əlindən yapışmış adamlar məni geridə qoyurlar. Belə məlum olur ki, tamaşaya gecikəcəyindən narahat olan təkcə mən deyiləm. 
   
   ...Yaxşı ki, vaxtında özümüzü yetiririk. Noyabrın 9-dan bəri axır ki, macal tapıb "Ağ pələnglər" attraksionunun adının afişaya çıxarıldığı sirk tamaşasına baxırıq. 
   * * *
   Sirk haqqında fikirlər heç vaxt birmənalı olmayıb. İstər ev, ya da vəhşi heyvanların iştirak etdiyi nömrələr, istərsə də gimnastların, gözbağlayıcıların, akrobatların, klounların iştirakı ilə tamaşalara insanların münasibəti fərqlidir. Hərçənd müasir sirk tamaşaları ən azı yüz ildir ki, Neronun vəhşi sirkindən fərqlənir, sirkdə çıxış edən heyvanlar da demək olar ki, elə "sirk uşağı"dır, onlar üçün nəinki vəhşi təbiətdə, hətta zooparkda da yaşamaq böyük stressdir. O ki qaldı akrobatlara, ildən-ilə qoruyucu bağlarsız çıxış edən hava gimnastlarının sayı artır. Hətta dünyanın ən məşhur sirkləri qoruyucu troslarla çıxış edənlərə arena verməyi öz nüfuzlarına sığışdırmırlar. 
   O ki qaldı bizim Bakı sirkinə... Bu dəfə Rusiya sirk artistlərinin çıxışlarına baxmaq üçün burdayıq.
   * * *
   Əvvəlcə hava gimnastı Alisa Nesterova manejə çağırılır. Özümüzü tamaşa məkanına zorla yetirmişik, bizdən sonra gələnlər də var deyə, hələ tamaşanı seyr etməyə tam köklənə bilmirik. Amma sonra biləcəyik ki, gimnast xanımın digər məharətini bir daha görmək şansımız varmış... Düzdür, digər hava gimnastı Yuliya Koçanın çıxışı, girdə qəfəs kimi qurulmuş, kapsul kimi açılan şəbəkə sferanın içində göstərdiyi performans daha maraqlı, daha həyəcanlandırıcı idi. 
   Gözbağlayıcı dördlüyün, bir də həm müstəqil nömrə ilə çıxış edən, həm də nömrələr arası boşluqları dolduran şən kloun Aleksin çıxışları, xüsusən də klounun proqramın aparıcısı, aktyor Elçin İmanov ilə Azərbaycan dilində söz güləşdirməsi, üstəlik, balacaların klounu dəstəkləməsi elə ən çox azyaşlı tamaşaçıların ürəyincə idi. 
   Amma 6 kişi və 1 qadın akrobatdan ibarət qrupun həyəcan dolu tryukları, doğrudan da, adamın nəfəsini kəsir, əsl sirk havası yaşadırdı. Az qala hər sıçrayış, hər tullanış, təxminən 4-5 metr hündürlükdə vurulan hər salto başa çatanda köksünü ötürürdün ki, şükür, bu dəfə salamat qurtardı.
   Budur, konferansye elan edir: telefonların işıqlarını, uşaqların əllərindəki lazer çubuqların rəngbərəng işıqlarını söndürün, balacaları qucağınızda saxlayın, manejə yaxınlaşmayın. Niyə? Çünki ağ pələnglər belə işıq sayrışmalarından qıcıqlana bilər. Sirkdə böyümüş olsa da, əhliləşmiş sayılsa da, pələng elə pələngdir, əvvəlcədən bilmək olmaz bu dəfə özünü necə aparacaq... 
   Bütün qoruma tədbirləri görülüb, hətta sirkin bir neçə əməkdaşı dəmir torun arxasında, əllərinin altında yanğınsöndürmə balonları sərvaxt durublar ki, işdir, olmadı belə, oldu elə, manejdə əsəbiləşən olsa, onu sərin su ilə sakitləşdirsinlər... 
   Budur, iri və təbiətdə nadir tapılan ağ rəngli pələnglər bir-birinin ardınca ağayana ləngərli yerişlə qəfəsdən manejə çıxırlar. Əslində, bu cür ağayana yerişin heyvanlar şahı şirlərə məxsus olduğuna əminik. Çünki pələnglər adətən, daha çevik, daha iti reaksiya verən vəhşi pişik sayılırlar. Hə, pişik demişkən, bir-birinin ardınca arenada görünən, böyürlərdəki podiumlarının üstündə yerlərini tutan altı ağ pələng yaman sakit görünür. Deyəsən, onların çıxışı boyunca tarixi vətənlərini xatırladan mediativ xarakterli musiqi də pələnglərə sakitləşdirici təsir bağışlayır. Həm də onlar özlərini bir qədər ərköyün ev pişiyi kimi aparırlar: yəni, ey insan, mən səninlə oynayıram, sən mənimlə yox...
   Amma təlimçi də onun üçündür ki, bu iri, qara zolaqlı, belinin ortası azacıq sarımtıl rəngə çalan “pişiklər” öz təbii instinktlərinə əsasən alışdıqları hərəkətləri yerinə yetirsinlər. Əslində, vəhşi heyvanlarla olan bəzi attraksionlarda müşahidə etdiyimiz təlimçi sərtliyi, tərsliyi tutmuş heyvanı nərildədərək onu hansısa hərəkəti yerinə yetirməyə məcbur etmək hikkəsi təlimçilər Alisa Nesterova (məhz proqramın açılış nömrəsində hava gimnastı kimi çıxış edən sirk artisti) və Aleksey Poruçayevin davranışında görünmür. Ağ pələnglərdən könlü istəyən arxasını təlimçiyə çevirib diqqətlə tamaşaçıları elə sakit və ciddi baxışlarla süzür ki, sanki əyləşənlərin arasındakı tanışlarını görməyə çalışır, kefi istəyən də bir tapşırığı iki dəfə tələb olunandan sonra yerinə yetirir. Olsun!.. Ağ pələngdən tryuk, mütləq iri cəfəngini açıb bağırmağı, elə dişləri boyda caynaqlarını bizə göstərməyi, ya da akrobat çevikliyi tələb etməyəcək ki?! Əsəbiləşib qıcıqlanmasındansa, elə naz sata-sata ərköyün çıxış etməyi məsləhətdir. Unutmayaq, biz əcdadları Qafqazda şir-pələng populyasiyasını qırdığından belə təbiət möcüzələrinə tamarzı qalanlar nəslindənik. O ki qaldı ağ pələnglərə, onlar mənşəcə Benqal pələngidir. Doğulan hər 10 min normal rəngli Benqal pələngindən yalnız biri ağ pələng düşür. 
   * * *
   Pələnglərdən fərqli olaraq, hələ sirk atlarının ərköyünlüyünü, əsəbiləşdiyini görən olubmu? Çətin... At həyatda da, manejdə də sübuta yetirir ki, mən insanın dostuyam, onun dayağıyam. Deyəsən, atı da ən çox sevən, ona əsl dost münasibəti bəsləməyi bacaran daha çox qafqazlılardır. Ağlım kəsəndən Rusiyanın bütün sirk kollektivlərində atlarla attraksionlarda çıxış edənlərin əslən Qafqaz xalqlarından olduğunu görmüşəm. Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Teymuraz Kanukovun başçılıq etdiyi “İriston” atlı akrobat dəstəsinin çıxışı “atlı-akrobatik forsaj” kimi qiymətləndirilə bilər. Həqiqətən də, gözəl atlar (atların cinsindən o qədər də başım çıxmadığı üçün sadəcə, rənglərinə fikir verdim: biri mənim çox sevdiyim "Başsız atlı" əsərinin qəhrəmanı Moris Ceraldın Luiza Poindeksterə bağışladığı xallı mustanqa oxşayırdı, qalanları isə ağ, qara rəngdə idilər), igid akrobatlar, qan coşduran Qafqaz təranələri, təhlükəli tryuklar, lap sonda isə at üstündə dövrə vuran akrobatın üçrəngli Azərbaycan bayrağını dalğalandırması sirk salonunda elə bir coşqu yaratdı ki, uşaqlı-böyüklü tamaşaçıların səsi orkestrin səsini belə eşidilməz etdi! 
   * * *
   ...Düzü, çoxdan idi ki, sirkə getmirdim, budəfəki tamaşaya məhz ağ pələnglərin eşqinə getsəm də, bəyəndiyim çıxışlar çox oldu. O üzdən təəssüratımı bölüşmək istədim. Vaxt daralır, bu həftəsonu "Ağ pələnglər"in paytaxt tamaşaçıları ilə son görüşləri olacaq. Qaçırmayın. 
   
   Gülcahan Mirməmməd