Azərbaycan
   
   25 noyabr 1901 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. Şəhərdəki “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildən Azərbaycan teatrının inkişafında xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bir məhəllədən iki nəfər”, “Əsl dost” və s. filmlərdə çəkilib.
   25 noyabr 1913 - Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913 - 25.2.1991) anadan olub.
   25 noyabr 1918 - Xalq yazıçısı İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) Bakıda doğulub. «Uzaq sahillərdə» povestinin (Həsən Seyidbəyli ilə birgə), digər nəsr əsərlərinin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenari müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1975-1981) olub.
   25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, gənc ifaçılar yetişdirib.
   25 noyabr 1994 - Xalq artisti Məmməd Bürcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qəm pəncərəsi”, “Köhnə bərə” və s. filmlərdə çəkilib.
   
   26 noyabr 1928 - Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Teatr İnstitutunda dərs deyib. Filmlərin səsləndirilməsində iştirak edib, bədii qiraət ustası kimi tanınıb.
   26 noyabr 1927 - Dilçi-türkoloq, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927 - 25.2.2015) Qərbi Azərbaycanda, Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. 
   26 noyabr 2014 - UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. 
   
   27 noyabr 1912 - Xalq artisti İsa Həsən oğlu Musayev (1912 - 8.2.1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.
   27 noyabr 1934 - Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professorudur, bir neçə il Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.
   
   28 noyabr 1852 - Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 - 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada tanış olduğu alman şərqşünas-səyyah Fridrix Bodenştedtə öz qəzəllərini hədiyyə edib. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edir.
   28 noyabr 1939 - Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda əsərlərin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. 
   28 noyabr 1941 - Xalq artisti, sirk ustası, akrobat Tofiq Hüseyn oğlu Axundov anadan olub.
   
   Dünya
   
   25 noyabr 1562 - İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub. 
   25 noyabr 1893 - Danimarkalı alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu elan edib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
   25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Millət vəkili, Türkiyənin UNESCO-da təmsilçisi olub.
   25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.
   
   26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
   26 noyabr Dünya informasiya günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatika Akademiyasının təşəbbüsü ilə qeyd edilir. 
   26 noyabr 1857 - İsveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub. 
   26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub. Dəfələrlə “Qremmi” mükafatına layiq görülüb. 
   
   27 noyabr 1940 - Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940-1973) anadan olub. 
   27 noyabr 1942 - Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix; 1942-1970) anadan olub.
   27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O'Neill; 16.10.1888 - 1953) vəfat edib. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
   
   28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
   28 noyabr 1820 - Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
   28 noyabr 1829 - Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.
   28 noyabr 1880 - Rus şairi Aleksandr Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
   28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.
   
   Hazırladı: Vüqar Orxan