Erməni rejissor Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovdan Moskvaya niyə şikayət etmişdi?
   
   Ötən əsrin 30-40-cı illərində Azərbaycanda kino sahəsində baş verən proseslər barədə öncəki yazılarımızda söhbət açmışdıq. Son yazıda (“Mədəniyyət” qəzeti, 21 sentyabr 2011-ci il) Azərbaycan K(b)P MK-nın katibi Mircəfər Bağırovun Moskvaya, ÜİK(b)P MK-ya ünvanladığı məktubdan bəhs etmişdik. Bu yazıda mövzunu davam etdiririk.

   
   Bakı kinostudiyasında yaranmış acınacaqlı vəziyyətlə bağlı Azərbaycan K(b)P MK katibi M.Bağırovun ÜİK(b)P MK-ya ünvanladığı məktub SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitənin sədri İ.Bolşakovu əks tədbirlər görməyə vadar etdi. O, erməni rejissoru Amo Beknazarovu da bu işə cəlb etdi. A.Beknazarovun 27 fevral 1941-ci il tarixli 4 səhifəlik məlumat vərəqəsinin surətini Azərbaycan K(b)P MK-ya göndərdi.
   Bakıda çəkdiyi filmlərdən küllü miqdarda vəsait qazanan, burada işlədiyi illərdə Azərbaycanın çörəyini yeyən A.Beknazarovun erməni xisləti bu məlumat vərəqəsində də (açıq-aydın görünür ki, məlumat vərəqəsi sifarişlə yazılıb) özünü bütün çılpaqlığı ilə büruzə verdi.
   A.Beknazarov məlumat vərəqəsində bunları yazmışdı: “Bakı kinostudiyasına direktor vəzifəsinə təyin olunan yoldaş (Şəmsəddin) Abbasov ilk günlərdən digərləri ilə birgə kinematoqrafiyanın ən yaxşı rəssamlarından biri, yoldaş B.A.Adeni fabrikdən kənarlaşdırdı. Yoldaş Aden Bakı kinostudiyasında uzun illər fəaliyyət göstərmişdir. Studiyada baş rəssamın və ümumiyyətlə rəssamın olmaması “Şaumyan” filminin çəkilişini pozacaqdır. Studiyanın direktoru yoldaş Abbasov rəssam Adenin qalmasına razı olmurdu. Bunun üçün o, ikimənalı siyasi ittihamlar irəli sürür, bəhanə gətirirdi. İşin pozulması ilə bağlı mənim fərziyyələrim “Səbuhi” filminin quruluşunda özünü doğrultdu.
   “Səbuhi” filmi üzrə eskizlər hazırlanması vaxtı gələndə mən rəssamsız qaldım. İki həftə rəssam axtarışı nəticəsiz qalanda Moskvaya üz tutduq. Bədii filmlərin istehsalı üzrə Baş İdarənin köməkliyi ilə dekorasiya rəssamı, yoldaş V.P.Kaplunovski dəvət olundu. Eyni zamanda yoldaş Abbasov qəti şəkildə tələb edirdi ki, kostyum üzrə rəssam azərbaycanlı olsun. Ona deyəndə ki, o vaxtı Bakıda boş qalmış rəssam yoxdur, yoldaş Abbasov bu məsələni öz öhdəsinə götürdü. Bu da baş tutmadı. Mən Bakıya gələndə kostyum üzrə rəssam hələ də tapılmamışdı.
   Mənim Bakıya gəlişimlə eyni vaxtda Aden də məzuniyyətlə əlaqədar burada idi. O, indi Kiyev kinostudiyasında baş rəssamdır. Mən yoldaş Abbasovdan qəti tələb edirdim ki, işi yoldaş Adenə versin. O, isə təkid edirdi ki, axtarışı Azərbaycan rəssamları arasında aparmaq lazımdır.
   On gün ərzində qrup yoldaş Abbasovu dilə tuturdu ki, Azərbaycanın ən yaxşı rəssamlarından biri olan yoldaş Axundovu işə qəbul etsin. Lakin yoldaş (İsmayıl) Axundov işinin çox olduğunu bildirərək təklifi qəbul etmirdi. O, Nizami muzeyinin həm direktoru, həm də baş rəssamı idi.
   Yoldaş Abbasov nəhayət ki, rəssamı yola gətirə bildi. Kostyum üzrə eskizlərin hazırlanması barədə müqavilə bağlandı. Ancaq müqavilə bağlanarkən rəssam bildirdi ki, iş çox olduğu üçün eskizləri gecikdirəcək. Belə də oldu. Nəticədə smeta da gec hazırlandı. Beləliklə, hazırlıq dövrü pozuldu.
   Studiyada qrimçi yox idi. Yerevan kinostudiyasının direktoru, yoldaş Ovanisyanla razılaşmaya görə biz Yerevandan qrimçi çağırmalı idik. Teleqramın göndərilməsi bir gün gecikdirildi. Çünki teleqrama möhür vurmaq lazım idi. Möhür isə yalnız yoldaş Abbasovun seyfində saxlanılırdı. Həmin gün isə direktor studiyaya gəlməmişdi.
   Ümumiyyətlə, studiyada terror və işçilərin qorxudulması, məhkəməyə verilmə, işdən çıxarılma, hədə-qorxu ab-havası hökm sürür.
   “Ayna” filminin müvəffəqiyyətsizliyə uğraması, əməkdaşların Abbasovun hərəkətlərinə görə daim şikayətçi olmaları yerli təşkilatları studiyanın işini yoxlamağa məcbur etdi. Komissiya studiyanın fəallarını topladı, çıxış edən yoldaşlar Abbasovun pis işini və kollektivə qarşı münasibətini qeyd etdilər. Mənə məlum olduğuna görə komissiya Abbasovun rəhbərlikdən azad edilməsi qərarını vermişdir.
   Yoldaş Abbasov bundan sonra fəallar yığıncağında onun əleyhinə çıxış edənlərlə haqq-hesab çürütməyi qarşısına məqsəd qoymuşdur.
   Gənc ssenarist İmran Qasımov kinematoqrafik peşəyə az-çox yiyələnmiş kino işçilərindən biridir. Ona etinasızlıq göstərilir. Komitənin ssenari şöbəsinin etirazına baxmayaraq, “Arşın mal alan”ın ssenarisi ondan alınıb hələ bircə ssenari belə yazmayan digər yoldaşa verilmişdir. Rejissor (Mikayıl) Mikayılov öz qrupu ilə birgə film çəkə bildiyi halda ixtisara salınır.
   Yoldaş Abbasovun “rəhbərliyindən” çox misallar gətirmək olar. Rejissor (Ağarza) Quliyevin ərizəsi (“Yeni Horizont” filminin çəkilişi vaxtı) nümunə ola bilər.
   “Ayna” filminin ilkin materialına baxarkən mən çəkilişlərin dayandırılması barədə yoldaş Abbasova qəti fikrimi bildirdim. O isə etiraz edib dedi ki, bu sınaq materialıdır. Rejissorlara bu barədə göstəriş verilib. Abbasovun göstərişindən sonra işçi materiala baxarkən yenidən ona bildirdim ki, çəkilişi dayandırsın və pulun boş yerə xərclənməsinin qarşısını alsın. Yoldaş Abbasov mənim xəbərdarlığımı qəbul etmədi və çəkilişlər davam etdi.
   “Qalanın alınması” filminin hazırlıq dövrü də terror ab-havasında keçmişdir. Rəssamın, aktyorların olmamasına görə iş gecikdirilmişdir. Rejissoru, aktyorları kənardan gətirmək təklifinə qarşı çıxan yoldaş Abbasov cavab verirdi ki, bizim xalq istedadlıdır. Sadəcə qrup lazımi adamları axtarıb tapa bilmir.
   Ssenarist İmran Qasımovun (“Qalanın alınması” ssenarisinin müəllifi) fəallar yığıncağında çıxışına qədər yoldaş Abbasov əsəri tərifləyirdi. İmran Qasımovun iclasda çıxışından sonra yoldaş Abbasov ssenari barədə fikrini birdən-birə dəyişdirdi. Ssenarinin yaramadığını bildirərək quruluşu tənqid etməyə başladı.
   “Səbuhi” filminin quruluşuna görə qonorar təyin olunanda yoldaş Abbasov bir sıra yeni prinsipial etirazlarını bildirdi.
   Komitənin əmrinə əsasən yoldaş (Rza) Təhmasib II rejissor təyin olunmuşdur. Komitənin əsasnaməsinə əsasən, II rejissorlar quruluşa görə qonorar almırlar. Yoldaş Abbasov mənə bildirdi ki, yoldaş Təhmasib II rejissor deyil, sənin kimi quruluşçu rejissordur. Mən etiraz etdim. Dedim ki, mənə II quruluşçu rejissor lazım deyil. 18 film çəkmişəm. Hamısının da quruluşunu özüm vermişəm. Yoldaş Abbasov dedi: “Kimin quruluşçu rejissor olması burada deyil, Bakıda həll olunacaq. Siz yerli rejissorların qiymətini verə bilmirsiniz, onları saymırsınız. Bakıda bu məsələləri həll edəcək partiya və hökumət var”.
   Yoldaş Abbasov məni demaqoqluqda günahlandırdı. Mən Moskvada sübut edirdim ki, Səbuhi roluna çəkilməyə Bakıda aktyorlar yoxdur. Yoldaş Abbasov deyir ki, mənim qrupumda hamı pisdir.
   Mövcud münaqişə heç də qəpiyi güdmə xarakteri daşımır, bu dərin prinsipial-siyasi məsələdir. Həqiqətdə isə mən heç də milli kadrlara etinasızlıq göstərmirəm. Mən milli kinematoqrafiyanın rejissoru kimi, milli kadrların öyrənilməsi və irəli çəkilməsini özümün əsas vəzifəm hesab edirəm.
   “Səbuhi” filmində rus rollarından başqa iştirak edən bütün aktyorlar azərbaycanlılardır. Təkcə Tubu obrazından savayı. Bu rola nə studiyanın direktoru Abbasov, nə studiyanın aktyor şöbəsinin müdiri, nə də ikinci rejissor yoldaş Təhmasib bir nəfər də olsun namizəd irəli sürməmişlər. Yaranmış vəziyyətlə əlaqədar mən “Səbuhi” filmi üzərində çalışmağımın səmərəli olacağına əmin deyiləm. Ona görə də sizin təşkilati nəticə çıxarmağınızı xahiş edirəm”.
   Əslində məlumat vərəqəsində yazılanlardan aydın olur ki, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov (o, tanınmış aktyor Gündüz Abbasovun atasıdır) erməni rejissorundan yaradıcı qrupu komplektləşdirərkən xüsusi aktyor heyətinin azərbaycanlılardan ibarət olmasını tələb edib. Bu isə A.Beknazarovun xoşuna gəlmədiyi üçün kinostudiyanın direktorunu siyasi savadsızlıqda günahlandırmışdır. Yazıdan görünür ki, A.Beknazarov Bakı kinostudiyasında “Şaumyan” ssenarisi üzrə bədii film çəkməyə hazırlaşırmış. Ş.Abbasov isə filmin istehsalının baş tutmaması üçün hər vasitə ilə buna mane olmağa çalışmışdır.
   “Səbuhi” filminin quruluşu ilə bağlı A.Beknazarova çatacaq qonorarın Bakı kinostudiyasının rəhbərliyi tərəfindən tənzimlənməsi rejissorun etirazına səbəb olmuşdur. Çünki erməni rejissoru Bakıda işləyərkən yüksək qonorar almağa adət etmişdi. Bu dəfə isə daş qayaya rast gəlmişdi.
   Vaxtilə böyük dramaturq C.Cabbarlı kinofabrikin işçiləri barədə qeydlərində (bu sənəd Respublika Əlyazmalar İnstitutunda onun şəxsi arxivində saxlanılır) yazmışdır: “Kinofabrikdə işləyənlərin sayı 96 nəfərdir. Onlardan yalnız 8 nəfəri türkdür...” (yəni azərbaycanlıdır). Bundan sonra kinofabrikdə işləyən ermənilərin siyahısı verilir: Abakov - xronika operatoru; Beknazarov, Arustamov, Byari və arvadı; Ulubabov, Mkrtçyan, Əmirov.
   C.Cabbarlının qeydlərindən başa düşmək olur ki, qeyri-millətlər, xüsusilə də ermənilər Bakı kinostudiyasında nəinki özlərini çox rahat hiss edir, həm də yüksək maaş və qonorar alırdılar. Şəmsəddin Abbasovun Bakı kinostudiyasına direktor təyin olunandan sonra burada istər kadr, istərsə də istehsalat sahələrində köklü dəyişikliklər aparmağa səy göstərməsi (bəzən özü də səhvlərə yol verirdi) bəzi işçilərin, o cümlədən Beknazarov kimilərinin illərdən bəri öyrəndikləri iş üsuluna və rahat həyat tərzlərinə təsirsiz ötməmişdi. Misal üçün, Bakıda qrim ustası tapmadığına görə onu İrəvandan gətirməyə çalışırdı. Halbuki o vaxtlar bizim kinostudiyada G.Parisaşvili kimi qrim rəssamı fəaliyyət göstərirdi. O cümlədən də burada “aktyor yoxdur” deyib, yenə də İrəvanda və Moskvada aktyor axtarışına çıxırdı.
   Belə bir hadisə 1929-cu ildə istehsal olunmuş “Sevil” filminin çəkilişləri vaxtı da baş vermişdi. O vaxt Sevil rolunda azərbaycanlı qızı tapılmadığına görə A.Beknazarov Ermənistandan Arzumanova adlı erməni aktrisanı çağırtdırmış, hətta onunla kino sınaq çəkilişləri də aparmışdı. Məhz C.Cabbarlının işə qarışması nəticəsində həmin filmə Arzumanova yox, azərbaycanlı İzzət Orucova çəkilmişdi.
   Göründüyü kimi, A.Beknazarov məlumat vərəqəsini sifarişlə yazmış, əlinə fürsət düşdüyü üçün Bakı kinostudiyasının direktoru Ş.Abbasovdan bu yolla intiqam almağa çalışmışdır. Yaxşı deyiblər ki, yalan ayaq tutar, amma yeriməz.
   P.S. 1941-ci il aprelin 29-da Azərbaycan K(b)P MK Bürosunun iclasında İ.Bolşakovun məktubu və A.Beknazarovun məlumat vərəqəsi müzakirə olunmuş və iki bənddən ibarət qərar qəbul edilmişdir. Qərarda deyilir ki, yoldaş Bolşakovun Azərbaycan SSR-də kinematoqrafiyanın vəziyyəti haqqında izahatı formal cavabdır, həm də o, ÜİK (b)P MK-ya əslində yalan məlumat vermişdir. Bununla bağlı ÜİK(b)P MK-ya ikinci dəfə məlumat vərəqəsi göndərilmiş, həmin vərəqədə Komitənin və onun rəhbəri İ.Bolşakovun Azərbaycan kinematoqrafiyasının ehtiyaclarına qeyri-ciddi münasibəti göstərilmiş və kinorejissor A.Beknazarovun məlumat vərəqəsinin araşdırılması və yoxlanılması xüsusilə vurğulanmışdır.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi