Sankt-Peterburqda Avrasiyanın gənc jurnalistlərinin XII “Mədəniyyətlərin dialoqu” beynəlxalq media forumu çərçivəsində Ermitajda “Mən burada yaşayıram” adlı beynəlxalq fotosərgi nümayiş etdirilib. Sərgidə Avrasiya məkanının 30 fotomüxbirinin 200 ən yaxşı işi təqdim olunur. Onların arasında AZƏRTAC-ın fotoşəkilləri də var.
   AZƏRTAC-ın fotomüxbirləri Vüqar Əmrullayevin, Roman İsmayılovun, Tofiq Babayevin, Fuad Əsgərovun, Aydın Məmmədovun Bakı gecələrini, Qız qalasını, Heydər məscidini, “Alov qüllələri”ni, Dənizkənarı bulvarı əks etdirən fotoları forum iştirakçılarının diqqətini cəlb edib. Onlar fotomüxbirlərimizin işləri ilə bağlı təəssüratlarını bölüşüblər.
   “Mən burada yaşayıram” fotosərgisinin qalibləri - italiyalı fotoqraflar Mişel Sirilo və Emanuela Laurenti bildiriblər ki, forumda çoxlu tanışlar və dostlar qazanıblar. “Çox istərdim ki, Azərbaycana gəlib oradan fotoreportaj hazırlayım”, - deyə E.Laurenti qeyd edib.
   Bildirək ki, Avrasiyanın gənc jurnalistlərinin XII “Mədəniyyətlərin dialoqu” beynəlxalq media forumunda bu il dünyanın 40 ölkəsindən və Rusiyanın 30 regionundan olan 370-dən çox jurnalist iştirak edib.