Azərbaycan
   
   29 noyabr 1920 - Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir. 
   29 noyabr 1928 - Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Səhər eşelonu”, “Abşeron qadınları" və s. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” (2008), “İstiqlal” (1998) ordenləri ilə təltif olunub.
   29 noyabr 1965 - Əməkdar artist Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Sumqayıt Dram Teatrında çalışıb. 1999-cu ildən Milli Dram Teatrında fəaliyyətə başlayıb. “Mənim ağ şəhərim”, “Əlavə təsir” və s. filmlərdə çəkilib.
   
   30 noyabr 1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov; 1934 - 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
   
   Dünya
   
   29 noyabr 1906 - Rus kinooperatoru, rejissor Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli filmlərin müəllifidir. “Xəzər neftçiləri haqqında povest” adlı film çəkib. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
   
   30 noyabr Beynəlxalq informasiya təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompüter Avadanlıqları Assosiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.
   30 noyabr 1667 - İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
   30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
   30 noyabr 1835 - Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
   30 noyabr 1937 - İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal”, “Qara qırğı”nın düşməsi” və s.
   
   Hazırladı: Vüqar Orxan