Ankarada TÜRKSOY-un baş katibinin 70 illiyi münasibətilə mərasim keçirildi
Xəbər verildiyi kimi, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə Qazaxıstanın Karaqanda Simfonik Orkestri Türkiyədə konsert proqramları ilə çıxış edib. İstanbul, Bolu və Bursada keçirilən “Dostlarım zənginliyimdir” adlı konsertlərin axırıncısı noyabrın 25-də Ankarada gerçəkləşdi.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə TÜRKSOY-un birgə təşkil etdiyi gecəyə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Qazaxıstanın, Rusiyanın, Türkmənistanın Türkiyədəki səfirləri, mədəniyyət xadimləri, sənətsevərlər, media nümayəndələri qatılmışdı.
Türkiyə Prezidenti Simfonik Orkestri Salonunda düzənlənən mərasimdə çıxış edən Düsen Kaseinov dedi: “TÜRKSOY-da işə başladığım ilk illərdən bəri bir çox tədbirlərdə sizinlə görüşmək imkanı qazandıq. Dünyanın dörd bir tərəfində gerçəkləşdirdiyimiz fəaliyyət ilə mədəni zənginliyimizi ön plana çıxararaq gələcək nəsillərə ötürməyə çalışdıq. Ömrümün 50-ci və 60-cı ildönümlərini dostlarımla birlikdə Qazaxıstanda qeyd etdim. 70 illik yubileyimi Türkiyədə gerçəkləşdirmək nəsib oldu. Burada olduğum illər ərzində Türkiyə vətəndaşlarının diqqətini və ürəkdən gələn yaxınlığını hər zaman hiss etdim. Ötən illər ərzində bir çox dostluqlar qazandım və bunun məmnunluğunu, xoşbəxtliyini yaşadım. Bu gün bir daha görürəm ki, geridə buraxdığımız illərdə yollarımızın kəsişdiyi, həyatımıza toxunan hər kəs bizlər üçün bir zənginlik qaynağıdır. Elə bu səbəbdən bu konsertlərə “Dostlarım zənginliyimdir” adını verdim. Bu ad altında verdiyim silsilə konsertləri dostlarıma bir hədiyyə olaraq təqdim etməkdən məmnunluq duyur, sizlər üçün də yeni dostluqlar qurmanıza vasitə olmasını diləyirəm”.
Konsert proqramında Qazaxıstanın Karaqanda Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarından və Sankt-Peterburq şəhərindən gəlmiş musiqiçilərin ifaları təqdim olundu. Türk dünyasının böyük bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Seydalı Medetov, Latif Hamidin və digərlərinin əsərləri konsertin repertuarını daha da zənginləşdirirdi. Türkmən bəstəkar Rövşən Nepesovun “Düsen Kaseinova ərməğan” əsəri hərarətli alqışlarla qarşılandı.
Konsertin maraqlı məqamlarından biri də yubilyarın dostlarının yad edilməsi oldu. D.Kaseinovun müəllimi, görkəmli qazax bəstəkarı, mərhum Erkegali Rahmadiyevin “Dayrabay” əsəri səsləndi. TÜRKSOY Gənclik Kamera Orkestrinin gənc skripkaçıları Tatarıstandan Arslan Saifi, Qırğızıstandan Aliya Okeyeva, Türkiyədən Nazlı Avçı ilə birlikdə Antonio Vivaldinin əsərini ifa etdilər.
Yubilyarın yaxın dostu olmuş mərhum azərbaycanlı bəstəkar Rauf Əliyevin orkestr üçün aranjiman etdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısı Mustafa Mehmandarovun dirijorluğu ilə ifa olundu.
TRT Ankara Radiosunun çoxsəsli xorunun dirijoru Elnarə Kərimovanın rəhbərliyi ilə Orefon Kamera Orkestri də səhnədə yer aldı.
Möhtəşəm konsert proqramı TÜRKSOY baş katibinin skripkada solist olaraq müşayiəti ilə F.Sinatranın repertuarından dünyaca məşhur “My way” (“Mənim yolum”) caz kompozisiyası ilə başa çatdı.
Konsert proqramından sonra Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə D.Kaseinova 1-ci dərəcəli səfir rütbəsinin verildiyini bildirdi və bununla bağlı sənədi, Qazaxıstan Xarici İşlər Nazirliyinin “Diplomatiyada 25 il” medalını yubilyara təqdim etdi.
Mehparə Sultanova
Ankara