Kulinariya zənginliyi ilə dünyada tanınan italyanlar milli yeməklərimizin dadına baxırlar
   
   Bütün dünyada kulinariya zənginliyi ilə tanınan İtaliyanın tələbkar qurmanları bu günlər Azərbaycanın ləziz yemək və şirniyyatlarının dadına baxmaq imkanı qazanıblar.   
   Noyabrın 29-da Romanın “Baglioni Hotel Regina” mehmanxanasında Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Ticarət Palatası və “Baglioni Hotel Regina” mehmanxanasının birgə təşkilatçılığı ilə İtaliyada Azərbaycan mətbəxi festivalının təntənəli açılışı keçirilib. Tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bildirib ki, Romada ilk dəfə keçirilən festivalın təşkilində məqsəd ölkəmizin zəngin mədəniyyətinin tərkib hissəsi və xalqımızın əsrlər boyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılmasıdır.
   Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edən 2017-ci il ərzində səfirlik tərəfindən Romada bir sıra mədəni tədbirlərin, o cümlədən birinci Azərbaycan kinosu festivalının da keçirildiyini vurğulayan diplomat bu tədbirlərin ikitərəfli təmasların daha da sıxlaşmasına xidmət etdiyini deyib.
   Sonra çıxış edən İtaliyanın mədəni irs və fəaliyyət, turizm nazirinin müavini Antimo Çezaro cari ilin may ayında Bakıda keçirilmiş IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan mədəniyyətinə, incəsənətinə, memarlığına olan heyranlığını ifadə edərək ölkəmizin multikulturalizm ənənələrini təqdir edib. Mətbəxinin zənginliyi və unikallığının da məhz ölkəmizdə mədəniyyətlərin qaynayıb-qarışmasının nəticəsi olduğunu söyləyən A.Çezaro Azərbaycanda mədəni irsin qorunması və dünyaya təqdim edilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirib.
   İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, ölkəmizin ərzaq məhsullarının və “Made in Azerbaijan” brendinin də İtaliyada təqdim edilməsi üçün yaxşı imkan olduğunu bildirib. O, festivalda bir sıra Azərbaycan şirkətlərinin, o cümlədən “Gilan Qəbələ Konserv Zavodu”, “İsmayıllı Şərab 2 ASC”, “AzNar QSC” və “RaziRice” kimi şirkətlərin məhsullarının nümayiş etdirildiyini diqqətə çatdırıb.
   Məşhur italyan kulinariya jurnalisti Karlo Kambi çıxışında ölkəmizin kulinariya ənənələri, mətbəximizin tərkib hissəsi olan təamlarımızın xüsusiyyətləri, ölkəmizin kənd təsərrüfatı, eləcə də Azərbaycan şərablarının xarakterik cəhətləri barədə danışıb.
   Mərasimdə Azərbaycandan gəlmiş peşəkar aşpazlar Abuzər Şirəliyev və Tural Bayramov milli mətbəximizin atributlarından olan “Şah plov”u iştirakçılara nümayiş etdiriblər.
   Festivalın rəsmi açılış mərasimindən sonra iştirakçılar Azərbaycan mətbəxi nümunələrinin dadına baxmağa dəvət edilib. Milli komponentlərimizlə bəzədilmiş Azərbaycan süfrəsində təqdim edilən təamlarımız, habelə milli mətbəximizin özünəməxsus komponentləri olan nar şirəsi, şərbət növləri, zəfəran, sumax, eləcə də yerli istehsalımız olan şərablar və çay tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
   Tədbirdə Azərbaycan və italyan musiqiçilərinin birgə ifasında tanınmış bəstəkarlarımızın əsərləri təqdim olunub, eləcə də milli mətbəximizə aid materiallar paylanılıb.
   İtaliyada Azərbaycan mətbəxi festivalı noyabrın 30-da “Baglioni Hotel Regina” mehmanxanasının “Brunello” restoranında davam edib. Festival dekabrın 1-də başa çatacaq.