Əliqulu Səmədov: “Ən ağır günlərdə də kinostudiyanı tərk etmədim”
Əməkdar artist Əliqulu Səmədovu kino işçiləri arasında tanımayan yoxdur. Elə o da bu sahədə çalışanları yaxşı tanıyır. Saçını “Azərbaycanfilm”in pavilyonlarında, çəkiliş meydançalarında ağardıb.
SSRİ Xalq artisti Yevgeni Matveyevin tələbəsi olan Əliqulu Səmədov 1979-cu ildə kinostudiyanın aktyor şöbəsinə qəbul olunub. Arxada qalan 30 ildən çox müddət ərzində “Nizami”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Atları yəhərləyin”, “Yol əhvalatı”, “Bağlı qapı arxasında”, “Papaq”, “Birisigün gecəyarısı”, “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət”, “Biz qayıdacağıq”, “Cavid ömrü”, “Cavad xan”, “İstanbul reysi” və başqa filmlərdə irili-xırdalı müxtəlif rollara çəkilib. Baş rollardan birinə çəkildiyi “Alfa layihəsi” filmi Ukraynanın Lenin Komsomolu Mükafatına layiq görülüb. Ukrayna kinematoqrafçılarının çəkdiyi “Alfa layihəsi”, “Sıçrayış” filmlərində, habelə Rusiyada çəkilən “Dronqo”, Türkiyədə istehsal olunan “Onlar da insandır”, “57 saylı qatar” teleseriallarında da rol alıb. Əcnəbi rejissorlar bu gün Azərbaycan aktyorları arasında kastinq keçirərkən onun məsləhətlərindən yararlanırlar. Bu da təsadüfi deyil, çünki Əliqulu Səmədov onlarla bədii filmin ikinci rejissoru olub.
Tamaşaçılar onu rejissor Elxan Cəfərovun yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi “Dolu” filmində də görə biləcəklər. Filmidə ona səhiyyə nazirinin müavini obrazı etibar edilib. Əliqulu Səmədov eyni zamanda bu ekran əsərinin ikinci rejissorudur.
- Əliqulu müəllim, kinematoqrafçılar sizi yaxından tanıyırlar. Bəlkə oxucularımıza da bu imkanı yaradaq...
- 1953-cü ildə Astara şəhərində anadan olmuşam. Uşaq vaxtlarından rəqsə böyük həvəs göstərir, tədbirlərdə, festivallarda iştirak edirdim. Amma kino aktyoru olmaq, filmlərə çəkilmək istəyini həmişə ürəyimdə gəzdirirdim. 1970-ci ildə Bakı Rabitə Texnikumuna daxil olanda da bu istək məni tərk etməmişdi. Bir gün “Azərbaycanfilm”də aktyor kursları açıldığını eşitdim. Həmin dərslərdə iştirak etmək məqsədi ilə kinostudiyaya gəldim və qapıda asılmış elan diqqətimi cəlb etdi.
Elanda yazmışdılar ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ilk dəfə olaraq azərbaycanlı tələbələrdən ibarət aktyorluq kursu yaradılacaq. Seçimdə iştirak etmək üçün tələb olunan sənədləri hazırlayıb kinostudiyanın aktyorluq şöbəsinə təqdim etdim.
Kinematoqrafiya İnstitutuna qəbul olunmaq üçün 2 minə yaxın gənc sənəd vermişdi. İlkin mərhələlərdən sonra 80-ə yaxın namizəd qaldı. Mən də onların arasında idim. Bizə dedilər ki, cəmi 15 nəfər qəbul olunmalıdır. Mən seçimə səylə hazırlaşırdım. Rəhmətlik Kamil Rüstəmbəyov mənə bütün incəlikləri öyrədirdi. O, istedadlı rejissor olmaqla yanaşı, həm də gözəl insan idi. Həmişə onu minnətdarlıq hissi ilə yad edirəm.
Nə isə, sonuncu mərhələ gəldi. SSRİ Xalq artisti Yevgeni Matveyevin rəhbərlik etdiyi professor-müəllim heyətinin qarşısında imtahan verdik. İki gün çəkən imtahanlardan sonra 22 nəfər qaldıq. Kinostudiyanın pavilyonlarında sınaq çəkilişlərində də iştirak etdik. Dedilər ki, həmin lentlərə Moskvada baxılandan sonra sonuncu mərhələnin cavabları açıqlanacaq. Bir müddətdən sonra Kamil müəllim dedi ki, təbrik edirəm, instituta qəbul olunmusan.
- Kinoda epizodik rola belə çəkilməyən, aktyorluq təhsili görməyən bir gənc necə oldu ki, nüfuzlu sənət ocağına qəbul edildi?
- Ya bəxtim gətirdi, ya da görünür, həqiqətən də istedadım var imiş. Eşidən-bilən hamı təəccüblənirdi. Atam tələbə biletimi görəndən sonra qurban kəsdi. Doğrudan da inanılası məsələ deyildi. Qəbul olunan 15 nəfərin arasında elə gənclər var idi ki...
- Məsələn?
- Götürək elə Fərhad İsrafilovu. “Yeddi oğul istərəm” filmindəki Qəqəni rolundan sonra populyar idi. Ötkəm İsgəndərov İncəsənət İnstitutunun tələbəsi idi və artıq “Tütək səsi”ndə çəkilmişdi. Azər Qurbanov “Sehrli xalat”da Rəşid roluna çəkildiyindən məşhur idi. Ömür Nağıyev bir neçə filmdə rol almışdı. Vəlihəd Vəliyev Gəncə Dram Teatrında çalışmışdı. Həmidə Ömərova, Sonaxanım İbrahimova kimi istedadlı gənclər bizim qrupda təhsil alırdı. Bu da məsuliyyətimi artırırdı. Bilirdim ki, bir də belə fürsət ələ düşməyəcək. Günüm kitabxanada, teatr və muzeylərdə keçirdi. İdmanla məşğul olurdum, institutun voleybol komandasının kapitanı idim, maşın sürməyi, at çapmağı öyrənirdim. Dərslərimi də yaxşı oxuyurdum. Bir dəfə də olsun “3” almadım. Özümü bu günlərə hazırlayırdım. Bilirdim ki, sevdiyim bir sənətlə məşğul olacağam. 1979-cu il iyunun 10-dan “Azərbaycanfilm”də çalışıram. Ən ağır günlərdə də kinostudiyanı tərk etmədim.
- Bütün kinorejissorlarla xoş münasibətləriniz olsa da, yalnız epizodik rollara çəkilmisiz...
- Birincisi, mənim ancaq baş rola çəkilmək kimi bir iddiam olmayıb. Neçə illərdir, kinonun içindəyəm. Bu illər ərzində təkcə aktyorluqla məşğul olmamışam. İkinci rejissor kimi çalışdığım filmlərin sayını-hesabını itirmişəm. Dublyaj rejissoru olmuşam, sinxron səs yazılmasını əla öyrənmişəm. Aktyor və aktrisalarımızın kartotekasını yaratmışam. Bu gün kartotekamda 800-ə yaxın fotoşəkil var. Əcnəbi kinorejissorlar azərbaycanlı aktyorlarla kastinq apararkən kartotekamdan istifadə edirlər.
- Bu il Milli Kino Günündə təltif olunanlar arasında siz də var idiniz. Həmkarlarınız, iş yoldaşlarınız “Əməkdar artist” fəxri adı almağınıza elə sizin qədər sevinirdilər...
- Mən də bu illər ərzində çiyin-çiyinə çalışdığım insanların hər uğuruna sevinmişəm. Ölkə başçısı İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdaram ki, əməyimi yüksək qiymətləndirdilər. “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov, Kinematoqrafçılar İttifaqının rəhbərliyi həmişə mənə diqqət və qayğı göstəriblər. Fəxri adı adama yalnız ona görə vermirlər ki, sevinsin. Həm də ona görə təltif edirlər ki, işinə daha da məsuliyyətlə yanaşsın. Cənab nazirdən fəxri adın vəsiqəsini alanda dedim ki, Azərbaycan kinosuna xidmət edirəm.
- Hələlik sonuncu işiniz “Dolu” filmi ilə bağlıdır. Bəlkə bu barədə bir qədər danışaq?
- Aqil Abbasın “Dolu” romanı ədəbi mühitdə hadisəyə çevrilən və ədəbi dəyərini alan əsərdir. İnanıram ki, “Dolu” filmi də uğurlu alınacaq. Bütün yaradıcı qrup bu uğura köklənib. İnşallah, ekranlara çıxanda tamaşaçılar görəcək ki, bizim kinostudiyada necə filmlər çəkmək olar. Quruluşçu rejissor Elxan Cəfərov kinematoqrafiyanı dərindən bilən, işini səliqəli görən rejissordur. Onunla çalışmaq mənə ləzzət edir. Mən “Dolu”da səhiyyə nazirinin müavini obrazını oynayıram və filmin ikinci rejissoruyam.
- Bütün əsgərlər general olmağı arzuladıqları kimi, yəqin ki, ikinci rejissorlar da nə vaxtsa quruluşçu rejissor olmağı xəyallarından keçirirlər...
- Mənim belə xəyalım olmayıb. Birincisi, mən rejissor təhsili almamışam. İkincisi də hər kadra quruluş verməyi bacarmıram. Bacarmadığım işdən isə yapışmaq istəmirəm.
Etibar Cəbrayıloğlu