Gələn ilin aprelində paytaxtımızda üçüncü dəfə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə biletlərin satışı davam edir. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən noyabrın 6-dan satışa çıxarılan biletləri dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları 20% endirimli qiymətlərlə əldə edə bilərlər. Təşkilatçılar növbəti yarışa daha çox tamaşaçı cəlb etmək niyyətindədirlər. Azərbaycan Qran-prisi yarışlarının promouteri Arif Rəhimov bildirib ki, 2017-ci ildə Formula-1 avtoyürüşləri üzrə dünya çempionatının Bakı mərhələsinə tamaşaçı kimi gəlmiş əcnəbi turistlərin sayı əvvəlki ildəkindən iki dəfə çox olub.
Xatırladaq ki, bu il iyunun 23-dən 25-dək Formula-1 yarışları tarixində ikinci dəfə Bakı mərhələsi keçirilib. Həmin avtoyürüşlərdə “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo qalib gəlib.
A.Rəhimov deyib: Qran-pri mərhələsinə gələn tamaşaçıların təxminən 30 faizi əcnəbilər idi. Bu il tamaşaçıların ümumi sayı 70 mindən çox olub. Lakin bu göstəricini dəqiq saymaq çətindir, çünki eyni insanın yarışların bütün üç günündə oraya gəlib-gəlmədiyini müəyyən etmək olmur. Bütün tamaşaçıların sayını üçgünlük biletlərə çevirsək, deməli 25 minə yaxın adam bu yürüşlərə tamaşa edib. Əcnəbi azarkeşlərin sayına görə birinci yeri Rusiya, ikinci yeri isə Böyük Britaniya tutur. Növbəti mövsüm üçün biletlərin satışında da eyni vəziyyət müşahidə olunur”.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Qran-prisi mərhələsi 27-29 apreldə keçiriləcək.