Sovet kinosunun görkəmli nümayəndələrindən biri, tanınmış Rusiya kinorejissoru Eldar Aleksandroviç Ryazanov 1927-ci il noyabrın 18-də Samara şəhərində anadan olub. Valideynləri diplomat olub, hər ikisi SSRİ-nin İrandakı səfirliyində işləyirdi. 1937-ci ildə atası repressiya olunur və Eldar anasının himayəsində böyüyür. O, uşaq yaşlarından çoxlu bədii kitab oxuyur, səyahətlə maraqlanır və yazıçı olmaq istəyirdi. Lakin 1950-ci ildə tale onu Ümumittifaq Kinematoqrafiya İnstitutuna, görkəmli rejissorlar Q.Kozintsev və S.Eyzenşteynin qrupuna gətirib çıxarır.
İnstitutu bitirdikdən sonra o, Sənədli Filmlərin Mərkəzi Studiyasında işləyir. 1955-ci ildə çəkdiyi “Saxalin adası” sənədli filmi Kann kinofestivalında mükafat alır. Bir il sonra rejissor ilk bədii filmini, ona şöhrət gətirən “Karnaval gecəsi” kinokomediyasını çəkir.
Film ekranlara çıxan kimi rejissor bütün ölkədə məşhurlaşır. Ekran işi prokatda 48 milyon tamaşaçı toplayır. Bundan sonra rejissor komediya üslubuna köklənir. Onun “Avtomobildən qorun!” (1966), “Uğur ziqzaqı” (1968), “Quldur qocalar” (1971), “İtalyanların Rusiyada qeyri-adi macəraları” (1973), “Taleyin ironiyası və ya həmişə təmizlikdə!” (1975), “İşdə məhəbbət macərası” (1977), “Qaraj” (1979) və s. filmləri sovet kinosunun “qızıl fond”una daxildir. Bu nümunələrdəki obrazlar 60-70-ci illərin sovet kinokomediyalarının əsas simalarıdır. Detoçkin, cərrah Lukaşin, müstəntiq Myaçikov həmin illərin simvoluna çevrilir. Eldar Ryazanov bir neçə ssenaristlə işləsə də, əksər filmlərinin ssenarisini Emil Braginski yazıb.
Sovet kinosunda uğur qazanmış bir çox aktyorlar məhz onun sayəsində özlərinə karyera qurublar. Bunlardan Andrey Mironovu, Yuri Yakovlevi, Liya Axedjakovanı, Svetlana Nemolyaevanı, Georgi Burkovu, Oleq Basilaşvilini, Andrey Myaqkovu, Valentin Qaftı misal göstərmək olar.
80-ci illərdə rejissor “Fleyta üçün unudulmuş melodiya” dramını (1987), “Hörmətli Yelena Sergeyevna” (1988) tragikomediyasını çəkir. Məşhur rejissor istər sovet dövründə, istərsə də sonra heç vaxt sifarişlə film çəkməyib. Özü isə bunu belə izah edir: “Nəyi istəmişəm, onu da çəkmişəm, indi də belə edirəm”.
Çingiz