Azərbaycan
   
   1 dekabr 1940 - Teatr xadimi, dramaturq, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.
   1 dekabr 1946 - Bəstəkar, Əməkdar incəsənət xadimi Azər İsmayıl oğlu Dadaşov anadan olub. Kamera, simfonik orkestr, xor üçün əsərlər, "İmtahan”, "Yuxu", "Özgə vaxt" və s. filmlərə musiqi yazıb. 
   1 dekabr 2004 - Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 - 2004) vəfat edib. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.
    
   2 dekabr 1929 - Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (28.1.1848 - 1929) vəfat edib. Rus satirik şairi İvan Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   
   3 dekabr 1920 - Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 -12.12.1999) anadan olub.
   3 dekabr 1928 - Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun "Gənclik", “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
   3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında “Bakı bəyannaməsi” qəbul olunub. Konfransda ilk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəlib. Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.

   4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.
   4 dekabr 1950 - Ədəbiyyatşünas, yazıçı, akademik, Əməkdar elm xadimi Kamal Mehdi oğlu Abdulla Bakıda anadan olub. Əsərləri: “Ruh”, “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” (romanlar) və s. Bakı Slavyan Universitetinin rektoru, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri işləyib. Azərbaycan Dillər Universitetinin rektorudur.
   
   5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvan MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında fəaliyyət göstərib. “Səhər”, “Kölgələr sürünür” filmlərində çəkilib.
   5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 - 2.1.1986) Təbrizdə anadan olub. Rəsmləri: "Səttarxan fədailəri Təbrizdə", “Sərkərdə Babəkin portreti” və s.
   5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” filmlərində çəkilib.
   5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.
   5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
   5 dekabr 1927 - Yazıçı Cəmil Adil oğlu Əlibəyov (1927 - 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. Əsərləri: “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü" (roman), "Gülüstanda qətl" (pyes) və s. “Azərbaycanfilm”in direktoru olub. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
   5 dekabr 1941 - Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.
   5 dekabr 1947 - Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Musiqili Teatrında çalışıb.
   
   Dünya
    
   1 dekabr 1935 - Amerika kinorejissoru, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s. 
   1 dekabr 1945 - Rusiyanın Xalq artisti, estrada aktyoru Gennadi Xazanov anadan olub.
   
   2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
   2 dekabr 1888 - Türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s. 
   2 dekabr 1891 - Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub. 
   2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
   
   3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. 
   3 dekabr 1358 - Osmanlı imperatorluğunda sufi şeyxi və mütəfəkkir kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.
   3 dekabr 1927 - Amerika estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams; 1927-2012) anadan olub.
   3 dekabr 1930 - Fransız rejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Filmləri: “Kiçik əsgər”, “Motsart - həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.
   
   4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib. 
   4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.
   4 dekabr 1896 - Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.
   4 dekabr 1922 - Fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.
   
   5 dekabr 1791 - Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən məşhur nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib. 
   5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan