Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovla Bolqarıstanın Bakıdakı səfirinin birinci müavini Yanko Yanakiyev və konsul Kirill Apostolov arasında görüşdə iki ölkə arasında viza qaydalarının sadələşdirilməsinin aktuallığı məsələsi müzakirə olunub.
AZTA-dan bildirilib ki, 2018-ci il yanvar 16-dan Bakı-Sofiya marşrutu üzrə birbaşa aviareyslər təşkil olunacaq.
Nahid Bağırov səfirlik tərəfindən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib. Bildirib ki, prosedurun sadələşməsi qarşılıqlı turist axınının artımına zəmin yaradar.
Səfirin birinci müavini Yanko Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökumət səviyyəsində aparılmır, buna görə də bu işlərin Azərbaycan Turizm Assosiasiyası tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Diplomat, həmçinin iki ölkənin qış kurortları arasında əməkdaşlıq, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması, eləcə də yay aylarında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.
Konsul Kirill Apostolov bildirib ki, səfirliyin təqdim etdiyi vizalar, həmçinin Rumıniya, Xorvatiya üçün də keçərlidir. Bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlbedici istiqamət edir.
Görüşdə dekabrın 15-də səfirlikdə Bolqarıstanın turizm potensialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb.
Diplomatlar qeyd ediblər ki, Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlığın hökumət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq və Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.