Ankarada Medikal Turizm Dərnəyi və Ankara Universitetinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ankara və Hecettepe universitetləri və digər qurumların dəstəyi ilə noyabrın 30-dan dekabrın 1-dək ənənəvi “Üçüncü yaş baharı turizmi və dinamikləri” beynəlxalq turizm konqresi keçirildi.
Beşinci dəfə təşkil olunan konqresin açılışında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, səhiyyə nazirinin məsləhətçisi Eyup Gümüş, bir sıra nazirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları iştirak edirdi.
Eyup Gümüş çıxış edərək ölkədə səhiyyə xidmətlərinin inkişaf etdiyini, o cümlədən sağlamlıq turizminin genişləndirilməsinə imkanlar yarandığını dedi.
Yalçın Topçu isə Türkiyədə yaşlı və fiziki əngəlli insanlara göstərilən xidmət səviyyəsinin inkişaf etdirilməsindən danışdı.
Medikal Turizm Dərnəyinin rəhbəri Sinan İbiş bildirdi ki, layihənin məqsədi Türkiyədə turizmin yeni istiqamətinin markalaşması üçün maraq yaratmaqdır: “Bununla insanları, turizmçiləri maarifləndirmək, dövlətin diqqətini çəkmək istəyirik. Bəzi şəhərlər artıq bu istiqamətdə bizimlə çalışmaq istəyirlər. Türkiyədə 1000 nəfər yaşlı insan üçün ilk kəndin tikilməsi təmin ediləcək. Bu insanların sevgiyə, diqqətə ehtiyacları var”.
Konqresdə “'Flavius Sonsuz Yaşam Mərkəzi”nin “Yaşlılıqda ictimai-mədəni həyat” mövzulu rəsm müsabiqəsinin iştirakçısı olmuş ibtidai sinif şagirdlərinə, gənclərə mükafatlar verildi. Həmçinin ənənəvi ebru sənəti, miniatür, rəngli boya rəsm nümunələri və çini qablardan ibarət sərgi nümayiş etdirilirdi.
Mehparə Sultanova
Ankara