Azərbaycanın Almaniyadakı səfirliyində CTOUR Alman Turizm Jurnalistlər Şəbəkəsi ilə birlikdə tədbir keçirilib. Şəbəkənin üzvü olan 30 alman jurnalistin qatıldığı tədbirdə səfir Ramin Həsənov çıxış edib.
Səfir 2017-ci ilin Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlamətdar olduğunu deyib. Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini, iqtisadiyyatın şaxələndirilməsində bu sahənin əhəmiyyətli yeri olduğunu bildirən diplomat 2016-cı ildə ölkədə turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin qəbul olunduğunu diqqətə çatdırıb.
CTOUR Jurnalist Şəbəkəsinin idarə heyətinin üzvü və qurumun sözçüsü Hans-Peter Qaul çıxışında cari ildə qeyd edilən hər iki yubileyin Azərbaycanın Almaniyada daha yaxşı təqdim olunması üçün əlverişli imkan yaratdığını bildirib.
Tədbir iştirakçılarına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı, ölkəmizin və paytaxt Bakı şəhərinin turistik təqdimatını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sonra səfirliyin mətbuat attaşesi Vüqar Qafarov Azərbaycanın turizm imkanları haqda təqdimat edib. O, Azərbaycanda mövcud olan turizm potensialından və turizmin inkişafı üçün görülən işlərdən, ölkə turizminin xüsusiyyətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın multikultural mühiti və mədəni müxtəlifliyi ölkənin musiqisi, ədəbiyyatı, incəsənəti, mətbəxi, memarlığı və məişətində öz əksini tapıb və bu da onu xarici turistlər üçün cazibədar edir. Mətbuat attaşesi Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, “ASAN Viza” sistemi, Azərbaycan və Almaniya arasında fəaliyyət göstərən hava nəqliyyatı, ölkəmizdə qorunan və təşviq edilən alman irsi və digər mövzulara dair jurnalistlərə məlumat verib.
Alman jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda təhlükəsizlik, turizm infrastrukturu, alman dilinə maraq və digər mövzularda sualları cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib, ölkəmiz haqda məlumat broşürləri təqdim olunub.