Noyabr ayında Moskvadakı Dövlət Tretyakov Qalereyasında görkəmli rus avanqard rəssamı El (Lazar) Lisitskinin (1890-1941) retrospektiv sərgisi açılıb.
   Sərgidə rəssamın 200-dən artıq rəngkarlıq və qrafik əsərləri - prounlar və memarlıq proyektləri, sərgi dizaynına aid eskizlər, kitabların üz qabıqları və fotolar nümayiş olunur.
   İlk dəfə olaraq El Lisitskinin xarici muzeylərdə saxlanılan əsərləri Dövlət Tretyakov Qalereyasına gətirilib. Onların arasında Bazel Bədii Muzeyi (İsverçə), Moritsburq Bədii Muzeyi (Almaniya), Van Abbe Muzeyi (Niderland), J.Pompidu adına İncəsənət və Mədəniyyət Mərkəzini (Fransa) qeyd etmək olar.
   Sərginin aparıcı eksponatı isə, təşkilatçıların və kuratorların fikrincə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından olan El Lisitskinin “Şəhər” (suprematizm) əsəridir. Əsər 1919-1920-ci illərdə taxta üzərində, yağlı boya ilə çəkilib. Tablo müəllifin yeganə rəngkarlıq əsəridir, muzeyimizə 1925-ci ildə Moskvanın Dövlət Muzey Fondundan daxil olub.
   El Lisitski - Avropa və rus avanqardının görkəmli nümayəndəsidir. O, bir çox sahələrdə - rəngkarlıq, qrafika, memarlıq, poliqrafiya, dizayn və fotoqrafiya sənətində özünü göstərə bilib. Rəssam yaradıcılığında bədii üslubların sintezindən geniş istifadə edib.
   Proun - yeniliyin təsdiqi layihəsi deməkdir və rəssam suprematizm əsasında bu ad altında silsilə əsərlər yaradıb. 1920-ci ilin ortaları və 1930-cu ilin əvvəllərində rəssam bir neçə memarlıq layihələri (Toxuculuq kombinatı, Kommuna evi, Yaxt-klub, “Pravda” qəzetinin nəşriyyat kompleksi və s.) də işləyib. Rəssamın son əsəri Böyük Vətən müharibəsi ilə bağlı plakatlar olub. 
   El Lisitski 1941-ci ildə vəfat edib və Moskvada dəfn olunub.
   
   N.Rəhimova
   Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi