Yenilik “Turizm haqqında” qanunda da əksini tapacaq
   
   Dekabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanunun 7-1 (Turist vizası) maddəsinə əlavə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətinə müraciətə baxılacaq.
   Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
   Qeyd edək ki, elektron vizanın sürətləndirilmiş qaydada verilməsi “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ölkə başçısının 21 iyun 2017-ci il tarixdə imzaladığı fərmana əsasən həyata keçilir. Yenilik “Turizm haqqında” qanunda da əksini tapacaq.
   “ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilərlər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.