Kadr hazırlığında istehsalat təcrübəsinin xüsusi önəmi var
   
   Dekabrın 13-də paytaxtdakı “Divan Express” hotelində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ali təhsil ocaqları ilə mehmanxana müəssisələri arasında qarşılıqlı işbirliyi” mövzusunda elmi seminar keçirildi.   
   Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd etdi ki, turizm sahəsi üçün gənc kadrların hazırlanmasında istehsalat təcrübəsinin xüsusi önəmi var: “Bunun üçün ən yaxşı metodlardan biri turizm müəssisələri ilə daha geniş əməkdaşlığın qurulmasıdır. ATMU yarandığı gündən bu sahəyə xüsusi diqqət yetirir. Tələbələrimiz Azərbaycanla yanaşı, 10-dan çox xarici ölkədə təcrübə keçirlər. Ölkəmizdə ilk dəfə olaraq məhz ATMU-da 22 həftəlik istehsalat təcrübəsi həyata keçirilib”.
   Rektor vurğuladı ki, hazırda Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Buna görə də turizm sənayesi üçün daha təcrübəli kadrların hazırlanması istiqamətində qarşılıqlı fəaliyyət genişləndirilməlidir. 
   ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev elmi seminarın mövzusu haqqında məlumat verdi. Bildirdi ki, bugünkü tədbirin əsas məqsədi kadr hazırlığının həyata keçirilməsində turizm müəssislərinin təkliflərini dinləmək və qarşılıqlı müzakirə etməkdir: “Bəzi hallarda tələbələrimiz öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Ona görə də müvafiq sahə üzrə müəssisələrin rəhbərləri ilə müzakirələrin aparılmasını vacib sayırıq. Turizm obyektləri ilə qarşılıqlı fəaliyyətin təşkili ümumi işimizin müsbət yöndə irəliləməsinə təkan verə bilər”.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov nazirlik tərəfindən ölkəmizdə turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən danışdı. O, gənc kadrların işlə təmin olunması məqsədilə “Karyerada ilk addım” devizi altında təşkil edilən əmək yarmarkalarının əhəmiyyətini vurğuladı.
   ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, “New Baku” hotelinin baş meneceri Ceyhun Aşurov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. ATMU ilə turizm müəssisələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür görüşlərin davamlı təşkilinin vacibliyi qeyd olundu.
   
   Fariz Hüseynov