Dekabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş gənc ifaçıların “World Harmony” adlı I Beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, məktəb və “Harmoniya” Gürcüstan Folkloru və Klassik Musiqisi İnkişafı Birliyinin əməkdaşlığı ilə reallaşıb.
Tədbirdə müsabiqə barədə məlumat verilib. Bildirilib ki, müsabiqənin münsiflər heyətinə Xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Əziz Qarayusifli (Mərkəzi İncəsənət Məktəbinin direktoru), Elşən Mansurov, professorlar Nəzakət Rimazi, Hökümə Əliyeva, Tsino Bicikaşvili, Tamar Sarvazaşvili və Əməkdar müəllim Ümid İbrahimov daxildir. Müsabiqəyə fortepiano ixtisası, vokal, orkestr alətləri, xalq çalğı alətləri üzrə ifaçılar, fortepiano ansamblı, xalq çalğı alətləri ansamblı, skripka ansamblı, rəqs və xor kollektivi olmaqla ümumilikdə 275 ifaçı qatılıb.
Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov çıxışında gələn il 100 illiyi qeyd ediləcək dahi bəstəkar Qara Qarayevin adını daşıyan məktəbdə belə bir müsabiqənin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib və iştirakçılara uğurlar arzulayıb. Eyni zamanda nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçiriləcək, o cümlədən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 80 illik yubileyi nazirlik səviyyəsində qeyd ediləcək.
Sonra müsabiqədə iştirak edən paytaxtın musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, müsabiqə iştirakçılarının mükafatlandırılması və qala-konsert dekabrın 19-da Rəşid Behbudov adına Mahnı Teatrında keçirilib. Bu barədə növbəti sayımızda məlumat verəcəyik. Müsabiqə çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Tbilisi Dövlət Konservatoriyasının vokal müəllimi, professor Tamar Sarvazaşvilinin ustad dərsləri də keçirilib.