Dekabrın 18-də Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində “Prezident kuboku” uğrunda çövkən milli oyunu üzrə növbəti yarışların rəsmi açılış mərasimi keçirilib.
Dekabrın 20-dək davam edəcək ilk təsnifat mərhələsinin oyunlarında Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir regional mədəniyyət və turizm idarələrini təmsil edən komandalar, həmçinin Bakı şəhərinin “Elit”, “Omar”, “Polad” və “Sərhədçi” komandaları mübarizə aparır.
Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin Aparatı rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov və digər qonaqlar əvvəlcə mərkəzin həyətində çövkən oyunlarında çəkilmiş fotolara və Şəki uşaq incəsənət məktəbi şagirdlərinin atüstü milli oyunlarımızı əks etdirən rəsmlərinin sərgisinə baxıblar.
Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Azərbaycanda çövkən oyununun tarixi çox qədimdir. Min illər ərzində Azərbaycan igidlərinin oynadığı bu oyun cəsurluq, qəhrəmanlıq və çeviklik rəmzi sayılıb.
Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə Şəki rayonunda Respublika Atçılıq Turizm Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etməkdir.
Diqqətə çatdırılıb ki, Atçılıq Turizm Mərkəzində 2006-cı ildən etibarən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalının, “Prezident kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışların keçirilməsi artıq ənənə halını alıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanılması işinə çox böyük töhfə verir.
Vurğulanıb ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində çövkən oyunu UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasının çox böyük əhəmiyyəti var. Bu, ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin nəticəsidir.
Musiqi kollektivinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək, meydana daxil olublar.
Sonra tamaşaçılar Şəki və Bakının “Omar” komandaları arasında ilk 1/8 final qarşılaşmasını izləyiblər. Paytaxt təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Həmin gün keçirilən digər qarşılaşmada Bakının “Elit” komandası Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin komandasını 2:0 hesabı ilə məğlub edib.
Dekabrın 19-da daha iki 1/8 final oyunu - Ağdaş-İsmayıllı və Gəncə-Şəmkir qarşılaşmaları keçirilib. Dekabrın 20-də oyunlar davam edəcək.
Oyunların yarımfinal və final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 22-də yarımfinal, dekabrın 23-də isə üçüncü yer uğrunda görüşlər və final qarşılaşması təşkil olunacaq.