Xalq yazıçısı Elçinin əsəri haqqında monoqrafiyanın təqdimatı
   
   Bakı Slavyan Universitetində (BSU) ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirildi.
   Tanınmış ədəbiyyatşünaslar və tənqidçilərin iştirak etdiyi tədbiri giriş sözüylə BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva açdı. 
   BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, institutun şöbə müdiri, professor Vüqar Əhməd, filologiya elmləri doktoru, professor Abid Tahirli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları Himalay Qasımov, Təyyar Salamoğlu, Elman Quliyev və Yaqub Babayev, BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Naidə Məmmədxanova, kafedra müdiri, professor Rüstəm Kamal və başqaları çıxış edərək monoqrafiyada Xalq yazıçısı Elçinin “Baş” romanının çağdaş ədəbi tənqidin tələb etdiyi bütün yönlərdən araşdırıldığını diqqətə çatdırdılar, kitabı uğurlu tənqidi əsər olaraq dəyərləndirdilər. 
   Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözün müəllifi Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, rəyçilər BSU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məmməd Qocayev, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır. 
   
   S.Qaliboğlu