Dekabrın 14-də Höte İnstitutunun (Goethe-Institut) təşəbbüsü ilə Bakıda keçirilən “İpək Yolu” festivalı çərçivəsində Şirvanşahlar sarayında Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri əsasında hazırlanan “Vertiqo” səs instalyasiyasının təqdimatı oldu. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Goethe-Zentrum Baku”nun birgə təşkilatçılığı ilə reallaşdı.
   Təqdimat mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək qonaqları salamladı və tədbir haqqında məlumat verdi. 
   “Milli irsimiz” layihəsi və “Vertiqo” sərgisinin kuratoru Əsli Səmədova tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihədə “Yeddi gözəl” poemasından bir hissənin transformasiyası araşdırılır və gələcək inkişaf üçün əhəmiyyətinə diqqət çəkilir. "Vertiqo" instalyasiyasında gender münasibətlərində baş vermiş dəyişikliklər və bəşəriyyətin tarixi boyunca müxtəlif mədəniyyətlərin bir-birinə nüfuz edərək dəyişməsi əks olunur. Ziyarətçilərə portativ radiocihazı və qulaqcıqlar verilir və onlar Şirvanşahlar sarayının ərazisində hərəkət edərək yazılmış musiqi parçaları, təbiət səsləri, mahnılar və məhəbbət şeirlərinin vəhdətindən yaranan səs “tapmaca”larından ibarət radiodalğalarını tuturlar. Ziyarətçilərin hərəkət marşrutu və radio proqramı vasitəsilə tutduqları səslər fərqli olduğundan sərgi hər kəsə təkrarolunmaz təəssürat bağışlayır. 
   Qeyd edək ki, “Vertiqo” tarixi materialları müasir yöndən təfsir edən səs instalyasiyasıdır. Layihənin rəssamı Fərhad Fərzəliyev, şairə Leyli Salayeva, musiqi prodüseri Cahangir Səlimxanovdur. Layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaranmasının 10 illik yubileyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə bağlı tədbirlər proqramı çərçivəsində həyata keçirilir. 
   
   Lalə Azəri