Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə müvafiq sahələrdə dövlət siyasətinin həyata keçirilməsi, mədəniyyət və turizmin qarşılıqlı şəkildə bir-birini tamamlayaraq daha effektiv idarə olunması istiqamətində işləri davam etdirir.
Nazirlik tərəfindən həm Bakı şəhərində, həm də bölgələrdə mütəmadi olaraq mədəniyyət və turizm sahələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılması üçün kurslar, treninqlər təşkil edilir. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə həyata keçirilməsi təmin olunur.
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə yanaşı, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb. Regional idarələr 2017-ci ilin yanvarından fəaliyyətə başlayıb. Bu islahatların aparılmasının əsas məqsədi yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti haqqında qərarların verilməsi idi. Həyata keçirilmiş struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına, eləcə də büdcə xərclərinin daha səmərəli istifadəsinə xidmət edir. Görülən tədbirlər nəticəsində müasir tələblərə cavab verməyən, iş üçün uyğun şəraiti olmayan, mövcudluğu və faktiki fəaliyyəti hiss olunmayan bir sıra mədəniyyət müəssisələri ləğv edilib, bəzi müəssisələrin ştat vahidlərində ixtisarlar aparılıb.
Dekabrın 21-də Bakı şəhərindəki uşaq musiqi və incəsənət məktəblərinin 2017-ci ildə fəaliyyətlərinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, idarənin məsul əməkdaşları, uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak edib.
Tədbirdə paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin il ərzində həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Müşavirədə həmçinin növbəti illərdə reallaşdırılacaq kompleks tədbirlər, dərs bölgüsü, müəllimlərin attestasiyası və digər məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 211 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə fortepiano, xalq çalğı alətləri, simli, nəfəsli və zərb alətləri, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya və digər ixtisaslar üzrə tədris aparılır. Məktəblərdə 15500 nəfərdən çox müəllim çalışır. 2017-ci il üzrə dövlət büdcəsindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün ayrılan maliyyə vəsaitinin müəyyən qədər azalmasına baxmayaraq, heç bir məktəbdə müəllimlərin ixtisarına yol verilməyib. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin optimallaşdırılması, dövlət büdcəsinin səmərəli istifadəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Bu sahədə işin daha da təkmilləşdirilməsi məqsədilə il ərzində respublikanın müxtəlif regionlarındakı məktəblərdə monitorinqlər aparılıb. Bəzi məktəblərdə dərs bölgüsünün düzgün aparılmadığı, müəllimlərə ixtisaslarına uyğun olmayan dərslərin tədrisinin həvalə olunduğu, bir sıra fənlərin tədris olunmadığı aşkar edilib. Monitorinqlərin nəticəsi olaraq yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq intizam tənbehi tədbirləri görülüb, bir neçə məktəbin direktoru işdən azad edilib. Dərs saatlarının bölgüsü yenidən aparılıb. Buna görə də bəzi müəllimlərin dərs saatında müəyyən azalmalar baş verib.