Azərbaycan kinosunda bu gün də adı hörmətlə çəkilən görkəmli sənətkarlardan biri də Əlisəttar Atakişiyev (1906-1990) olmuşdur. O, “Azərbaycanfilm”də 20 ekran əsərində operator, rəssam, ssenarist və rejissor kimi çalışmışdır.
“İbrahimin sərgüzəşti” və “Bəxtiyar” (1970) nağıl-povestlərini yazmışdır. Əlisəttar Atakişiyev bu gün də geniş tamaşaçı auditoriyasının sevimlisidir. O, çoxşaxəli yaradıcılığına məhdudiyyət qoymadan dram, komediya, fantastik, detektiv janrlı filmlər çəkməklə ampluasız rejissor olduğunu, eyni zamanda uşaq dünyasına biganə qalmadığını sübut etmişdir.
Əlisəttar Ələsgər oğlu Atakişiyev 1906-cı il dekabrın 25-də Bakıda anadan olmuşdur. 1927-1930-cu illərdə Moskva Ali Rəssamlıq Texniki Məktəbinin rəngkarlıq, 1930-1936-cı illərdə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil almışdır. Əvvəlcə (1935-1941) “Mosfilm” kinostudiyasında quruluşçu rəssam-operator kimi çalışmış, sonra isə “Bakı” kinostudiyasında (1941-1945) bir neçə bədii filmin quruluşçu operatoru (“Bir ailə”, 1943, T.Lebeşev və Ə. İsmayılovla birgə; “Arşın mal alan”, 1945, M.Dadaşovla birgə) olmuşdur. 1945-ci ildə yenidən “Mosfilm”ə qayıdaraq orada operator kimi çalışmışdır. Orada rəngli filmlər üzrə kinooperator kimi ixtisaslaşan Ə.Atakişiyev 1953-cü ildə “Tallinfilm” (1953-1955) kinostudiyasına dəvət alır. Estoniyanın ilk rəngli (“Axşam düşəndə”, 1955, film-konsert ) filmini çəkir. 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıtdıqdan sonra 1974-cü ilədək rejissor kimi bir sıra filmlərə maraqlı quruluş vermişdir.
Əlisəttar Atakişiyevin müxtəlif illərdə fərqli kinostudiyalarda işləməsi səbəbsiz deyildi. Həmin vaxtlar “Azərfilm” (1935-1938) adlanan “Azərbaycanfilm” kinostudiyasında çalışan əcnəbi rejissorlar gənc operatorun sərbəst fəaliyyətinə mane olurdular. Buna görə də o, bilik və bacarığını digər kinostudiyalarda təsdiqləməklə yanaşı, ara-sıra aldığı dəvətlərlə milli kinomuzda da layiqli sənət nümunələri yaradırdı. Çünki məqsədi öz xalqına, Azərbaycan kinosuna xidmət etmək idi. Onun uşaqlar üçün lentə aldığı “Bir qalanın sirri” (1959), “Sehrli xalat” (1964), “Qərib cinlər diyarında” (1977) kinomuzun ən dəyərli nümunələrindəndir. Rejissorun hər ekran əsəri geniş tamaşaçı auditoriyası qazanırdı.
“Sehrli xalat” filminə bir il ərzində 10 milyon tamaşaçı baxmışdı. Film bu gün də balacaların sevimli ekran əsəridir. Rəssam, operatorluq təcrübəsindən kinonun bütün incəliklərini yaxşı bilən Əlisəttar Atakişiyev çəkdiyi uşaq filmlərində yalnız pirotexnik üsullarla azyaşlıların gözünü qamaşdırmadı. Eyni zamanda o, ekran əsərinin məzmunlu dramaturgiyasına diqqət yetirdi. Xalqını, millətini sevən rejissor çəkdiyi filmlərdə müasir həyatla folklor motivlərinin sintezini yaradır, vətənpərvərlik, böyüyə hörmət, kiçiklərə sevgi, zəhmətsevərlik kimi müsbət xüsusiyyətləri təbliğ edirdi.
Kino böyüklər kimi uşaqların da həyatında mühüm rol oynayır, onların psixologiyasında dərin iz salır. Bu mənada macəra janrında çəkilən uşaq filmlərində mövzuya xüsusi diqqət yetirmək vacibdir. Buna görə Əlisəttar Atakişiyev uşaq filmlərində məzmunlu, yüksək ideyaları təbliğ edən mövzuları seçməyi üstün tuturdu.
Onun nağıl-fantastika aləminə gözəl bələd olması çəkdiyi uşaq filmlərində özünü büruzə verirdi. Rejissoru olduğu filmlərdə də geyim, qrim rəssamlarının peşəkarlığına, operator işinin dəqiqliyinə diqqət yetirər, fon və ön plan kadrlarının qüsursuzluğuna çalışardı.
Bəllidir ki, əfsanəvi-fantastik mövzulu filmlərdə quraşdırma səhnələr çoxluq təşkil edir. 1964-cü ildə çəkilən “Sehrli xalat” filminin Ay səthini əks etdirən kadrları SSRİ məkanının rejissorlarını təəccübləndirmişdi. Buna görə də onlar sonralar çəkdikləri fantastik-nağıl filmlərində həmin mizan quruluşlarından istifadə edirdilər. Ay səthi dekorasiyası öz təbiiliyi, yeniliyi ilə tamaşaçıları heyran etmişdi. “Belarusfilm” kinostudiyasında hazırlanmış dekorasiyanın (rəssamlar M.Hüseynov, C.Əzimov) ümumi sahəsi 1200 kv/m idi. “Bir qalanın sirri” filminin də fantastik (Elşənin nəhəng hörümçəklə vuruşması, Mətanətin əcinnələr içərisində olması və s.) məqamlarını əks etdirən kadrlar da “Belarusfilm” kinostudiyasında çəkilmişdir.
“Azərbaycanfilm” kinostudiyasında olan lazımi texniki imkanlar da görkəmli rejissora bu filmləri çəkməkdə təkan verdi. “Bir qalanın sirri” və “Sehrli xalat” nağıl-filmləri məhz bu sexin qüvvəsi hesabına çəkilmişdi. Lakin sonralar tədricən uşaq filmləri çəkilmədiyinə görə kinostudiyada yerləşən bu sex yararsız hala düşdü. Həmkarlarının və filmlərində çəkilən aktyorların dediyinə görə, Əlisəttar müəllim çox vaxt filmlərə lazım olan rekvizitləri, nağıl qəhrəmanlarının bəzək (“Qərib cinlər diyarında” filmindəki cinlərin dırnaq və buynuzları, muncuqlar və s.) əşyalarını özü hazırlayardı.
Görkəmli kinorejissor müxtəlif illərdə fərqli kinostudiyalarda çalışsa da, “Azərbaycanfilm” kinostudiyasında qısa fasilələrlə fərqli və məhsuldar əmək (1939-1974) nümayiş etdirmişdir. Peşəkar operatorun çəkdiyi filmlərdəki fon qüsursuzluğu ümumi və geniş planlı çəkilişlərdə belə diqqətdən yayınmır. Onun operator kimi quruluş verdiyi, milli kinomuzun şah əsərlərindən olan “Arşın mal alan” (1945) və “O olmasın, bu olsun” (1956) filmlərinin müxtəlif rakurslu, panoramlı çəkilişləri sənətkarın kütləvi səhnələrlə işləmək bacarığını bir daha təsdiqlədi.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası məhz belə kinematoqrafçılarımızın səyi nəticəsində dünyada sevildi. 1945-ci ildə çəkilən (rejissor Rza Təhmasib) “Arşın mal alan” filminə təkcə bir il ərzində 16 milyon tamaşaçı baxmışdı. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində film xarici ölkə istehsalı olan “100 sevimli film” arasından seçilərək məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahıya” daxil edilmişdir.
Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətləri olan Əlisəttar müəllimin potensialı dublyaj sənətinin inkişafına da təkan verib. O, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj etmişdir. Aktyorlar və həmkarları istər çəkiliş meydançasında, istərsə də dublyaj studiyasında onun iş prosesi zamanı həddən artıq tələbkar olduğunu vurğulasalar da, kino bilicisi kimi onu sevir, şəxsiyyətinə hörmət edirdilər.
Həmkarları onu şux qamətli, həmişə səliqəli geyinən bir insan kimi xatırlayırlar. Səliqə-sahmanına görə Əlisəttar müəllim həmişə seçilərdi. Əlisəttar Atakişiyev “Arşın mal alan” filminə dəvət alanda həmişəlik vətənə qayıtmaq məqsədi ilə həyat yoldaşı Yelizaveta Vladimirovna ilə birlikdə Bakıya köçür. Lakin bir müddət keçdikdən sonra Moskvadan, işlədiyi teatrdan uzaqlaşa bilmədiyini söyləyən xanımı ondan ayrılaraq Moskvaya dönür. Ailəsinə, yeganə övladı Xəlilə olan məhəbbəti heç bir zaman tükənməyən Əlisəttar Atakişiyev qəlbində olan dünya dolu sevgisini yaratdığı ekran əsərlərində minlərlə tamaşaçıyla bölüşdü.
Onun “qızıl fond”a daxil olan filmləri peşəkar ekran kompozisiyası ilə seçilir. Filmi sevdirən əsas amillərdən biri də operator işinin (işıq sisteminin qoyulması, rejissor ideyalarını əks etdirmək, məkan və mizanın düzgün seçilməsi) dəqiq ölçülərlə qurulmasıdır. Əlisəttar müəllimin operatoru olduğu filmlərə nəzər saldıqda çəkiliş texnikasına görə sevdiyimiz filmlərin onun improvizator yaradıcılığının məhsulu olduğunu görürük. Əlisəttar Atakişiyev özünü kinoda təkcə operator və rejissor kimi yox, həm də dekorasiya rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist kimi də təsdiqləmişdi. “O olmasın, bu olsun” (operator və geyim üzrə rəssam) filmindəki bazar səhnəsi, Rüstəm bəyin evindəki qonaqlıq kadrları, yaxın keçmişə dair qurulmuş dekorasiyaların, binaların interyer və eksteryerlərini hansı aspektdən əks etdirmək bacarığı, hadisələrin məzmununu açan kadr dəyişikliyi operator işində rejissor ideyalarının təsdiqi deməkdir.
Görkəmli sənətkar operator kimi işlədiyi “Uzaq sahillərdə” (1958), “Fətəli xan” (1947), rejissor kimi quruluş verdiyi “Bizim küçə” (1961), “İstintaq davam edir” (1966) və s. dəyərli ekran əsərləri milli kinomuzu keçmiş sovetlər məkanında və xarici ölkələrdə layiqincə təmsil etmişdir. Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adını almışdır. O, 1990-cı il noyabrın 7-də Moskvada (Kino Veteranları evində) vəfat etmişdir. Unudulmaz kino bilicisi ömrü boyu çətin və məsuliyyətli sənətinin fövqündə sədaqətlə durdu, sənətin aliliyinə xidmət etdi. Sənəti isə onu dönə-dönə bizə xatırladır, yaddaşlarda yaşadır.
Şəhla Bürcəliyeva,
kinoşünas