Fevralın 9-dan 19-dək Almaniyanın paytaxtı Berlində 62-ci Beynəlxalq “Berlinale” film festivalı keçiriləcək. Mötəbər sənət yarışmasında ölkəmizi Finlandiyada yaşayan azərbaycanlı prodüser Tahir Əliyev təmsil edəcək.
   
   137 ölkənin 4300 namizədi arasından seçilmiş T.Əliyev festivalda prodüseri olduğu yeni “Woman on hold” (“Gözləyən qadın”) filmi ilə iştirak edəcək. Ekran əsəri Avropanın, o cümlədən Finlandiyanın bir neçə film fondları, Avropa Sənədli Filmlər Şəbəkəsi (EDN) və İtaliyanın Turin şəhərində keçirilən Avropada sənədli filmlər forumu tərəfindən böyük dəstək alıb.
   Film Finlandiyanın 1-ci və İspaniyanın “Chello Multi” telekanalları ilə birgə Zambiyanın paytaxtı Lusakada çəkilib. “Gözləyən qadın” filmi artıq ötən ildə Hollandiyada keçirilmiş Beynəlxalq Rotterdam və Amsterdam kinofestivallarının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunub.
   Tahir Əliyevin 2004-cü ildə ilk işi olan “Melanxoliyanın 3 otağı” filmi 2005-ci ildə Finlandiyanın ən yaxşı sənədli film mükafatına, eləcə də Venesiya kinofestivalının insan hüquqları və 30-dək digər mükafatlara layiq görülüb.
   Həmyerlimiz 2004-2007-ci illərdə Finlandiyada təhsil alıb və 2007-ci ildə Helsinki Metropolia Universitetində təhsilini magistr dərəcəsi ilə tamamlayıb.
   Tahir Əliyev bu il Bakıda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsində nümayəndə meneceri və prodüser vəzifələrində çalışır.