Oyunların yarımfinal və final mərhələsi həftəsonu Bakıda keçiriləcək
   
   Dekabrın 17-də Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində başlanan “Prezident kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışların ilk mərhələsi yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ənənəvi yarışlar xalqımızın qədim tarixi ənənələrinin, qeyri-maddi mədəni irsinin yaşadılmasına, həmçinin atçılıq turizminin təbliğinə və inkişafına xidmət edir.   
   Dekabrın 19-da keçirilən növbəti səkkizdəbir final qarşılaşmalarında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsini təmsil edən komanda Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin komandasını 9:0 hesabı ilə məğlub edərək, dörddəbir finalda iştirak etmək hüququ qazanıb. Həmin gün keçirilən Gəncə və Şəmkir komandalarının oyunu isə 2:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. 
   Dekabrın 20-də keçirilən dörddəbir final oyunlarında Bakının “Omar”, “Elit”, “Polad”, “Sərhədçi” komandaları, Ağstafa, İsmayıllı, Ağcabədi və Gəncə regional mədəniyyət və turizm idarələrini təmsil edən komandalar iştirak edib.
   
   Gərgin mübarizədə son dördlük müəyyənləşib 
   
   Dörddəbir finalda ilk olaraq meydançaya paytaxtın “Omar” və Ağstafa komandaları çıxıb. Gərgin keçən oyun 1:0 hesabı ilə Ağstafa komandasının xeyrinə başa çatıb.
   İkinci qarşılaşmada Bakının “Polad” və “Elit” komandaları üz-üzə gəlib. “Polad” komandası rəqibinin qapısından 7 cavabsız top keçirərək, yarımfinala yüksəlib.
   Digər iki qarşılaşmada isə nəticələr belə olub: İsmayıllı-Sərhədçi - 0:5, Ağcabədi-Gəncə - 6:0.
   Beləliklə, Ağstafa, Ağcabədi, həmçinin Bakının “Polad” və “Sərhədçi” komandaları “Prezident kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışların yarımfinalına vəsiqə qazanıblar.
   Oyunların yekun mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 23-də yarımfinal, dekabrın 24-də isə üçüncü yer uğrunda görüş və final qarşılaşması təşkil olunacaq.
   Qeyd edək ki, “Prezident kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışlarda respublikamızın 8 regional mədəniyyət və turizm idarəsini və Bakı şəhərini təmsil edən 12 komanda mübarizəyə qatılmışdı.
    
   Çövkən yarışlarında rəqabət daha da artıb
   
   Şəki Atçılıq Turizm Mərkəzində 2006-cı ildən etibarən keçirilən “Prezident kuboku” uğrunda çövkən yarışları xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması və dirçəldilməsinə xidmət edir. Bu yarışların keçirilməsi artıq ənənə şəklini alıb. Çövkən oyununun Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi 2013-cü ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən sonra bu yarışlara maraq daha da artıb.
   Bu sözləri Mədəniyyət və Turizm Nazirliyiyby Aparatı rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
   Nazirliyin nümayəndəsi bildirib ki, regional mədəniyyət və turizm idarələri yaradıldıqdan sonra çövkən yarışlarının formatında müəyyən dəyişikliklər edilib. Belə ki, regional idarələr artıq bu yarışlarda yığma komandalarla təmsil olunurlar. Komandaların tərkibinə regional idarənin əhatə etdiyi rayonlardan seçilmiş ən yaxşı oyunçular daxil edilib. Beləliklə, komandaların peşəkarlıq səviyyəsi daha da artıb, rəqabət güclənib. Şəkidə keçirilən növbəti çövkən yarışlarındakı gərgin mübarizə də bunu təsdiqləyir.
   
   Gələcəkdə Azərbaycanda peşəkar çövkən liqası yaradılacaq
   
   Respublika Atçılıq Federasiyasının çövkən milli oyunu ilə bağlı gələcək planlarına Azərbaycanda peşəkar çövkən liqasını yaratmaq və bütün regionların komandalarını həmin liqaya cəlb etmək daxildir. Bu, çox böyük layihədir və onun reallaşması üçün, əlbəttə ki, müəyyən vaxt lazım olacaq.
   Bu sözləri isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Şəkidə deyib. Federasiyanın rəsmisi bildirib ki, son illər çövkən oyunu üzrə yeni komandaların yaranması bu yarışa marağın artdığını göstərir. Şəkidə keçirilən yarışlarda yeni yaradılan “Omar” və “Elit” komandaları ilk dəfə iştirak edib.
   Federasiyanın baş katibinin məlumatına görə, yarışın mükafat fondu 50 min manatdır. “Yarış üçün belə yüksək mükafat fondunun ayrılmasının əsas səbəbi odur ki, komandalar özlərini inkişaf etdirə bilsinlər, məşqlərini təmin etsinlər. Mükafat fondu 4 yerə bölünəcək. Yəni, yarışın final mərhələsində iştirak edən komandaların hər biri mükafatlandırılacaq”, - deyə o bildirib.