Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli pianoçu, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edildi.
Gecədə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Tamaşaçıların alqış sədası altında yubilyar səhnəyə dəvət olundu. Konsertin birinci hissəsində səbəbkar Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə Amerika bəstəkarı Corc Qerşvinin “Fortepiano və orkestr üçün konsert”ini (3 hissədə) ifa etdi. Musiqinin sehri və professional ifa elə ilk dəqiqələrdən gecəyə bir möhtəşəmlik ovqatı bəxş etdi. İfa sanki tamaşaçıları sehrləmişdi və nəfəs çəkilmədən dinlənilən kompozisiyanın sonunda alqışlar zalı öz ağuşuna aldı.
Daha sonra Fərhad Bədəlbəyli özü dirijor pultu arxasına keçdi. İlk dəfə tamaşaçı olaraq görkəmli pianoçunu dirijor kimi seyr etmək imkanı qazandım. Musiqiçi zala müraciətlə dedi: “Yaşadığımız həyat boyu biz doğmalarımızı, əzizlərimizi və dostlarımızı itiririk. Bu gün həmkarlarımla birlikdə sizə Petro Maskaninin əsərini yanımızda olmayan əzizlərimizə ithaf olaraq ifa edəcəyik”.
Yubilyarın dirijorluğu ilə orkestr italyan bəstəkarı P.Maskaninin “Kənd namusu” operasından “Payız gülləri” fraqmentini çox duyğulandırıcı və ilhamla səsləndirdi.
Konsert proqramının ikinci hissəsində isə səhnəyə xalq artistləri Yeganə Axundova və Murad Hüseynov çıxdı. Onların ifasında fransız bəstəkar Fransis Pulenkin “İki fortepiano və orkestr üçün konsert”i səsləndi. İfaçılar özlərinin virtuoz və yüksək peşəkar çıxışları ilə yubilyara təbriklərini ünvanladılar.
Musiqi gecəsi Fərhad Bədəlbəyli və Xalq artisti Murad Adıgözəlzadənin Sergey Raxmaninovun “İki fortepiano üçün 2 saylı süita”sının ifası ilə davam etdi. Bu dəfə isə orkestri və ifaçıları dirijor, Əməkdar artist Fuad İbrahimov idarə edirdi. Yubiley konserti Fərhad Bədəlbəyli, Murad Hüseynov və Murad Adıgözəlzadənin bir arada yenidən səhnəyə qayıdaraq birlikdə ifası ilə yekunlaşdı. Çıxışlar sürəkli alqışlarla qarşılandı. Mükəmməl musiqi və peşəkar musiqiçilərin iştirakı ilə baş tutan konsert unudulmaz anlarla yadda qaldı.
Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfi), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfi) oxuyub. Gənc yaşlarından ciddi uğurlara imza atan pianoçu qısa vaxtda böyük şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, İsveçrə, Yaponiya və başqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən professor Fərhad Bədəlbəyli gənc ifaçılar nəslinin yetişdirilməsi sahəsində yorulmadan fəaliyyət göstərir.
Lalə Azəri