Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı ilə birgə həyata keçirilən “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində növbəti konsert olub. 
   Konsertdə Xalq artisti Gülyanaq Məmmədova “Naz eyləmə”, “Bizə gəl, yar”, Əməkdar artist Ehtiram Hüseynov “Çoxları incikdi”, “Sərvi-azad”, xanəndə Kamilə Nəbiyeva “Neyləyə billəm” təsniflərini ifa ediblər. 
   Layihə çərçivəsində ilin son konserti böyük maraqla qarşılanıb. Müxtəlif muğamlar üzərində təqdim edilən yeni təsniflərin tamaşaçılara təqdimi muğam sənətimizin son dərəcə tükənməz bir sərvət olduğunu bir daha sübut edib. Konsert proqramı səslənən təsniflərin müəllifi, ud ifaçısı Fəraməz Gərmrudinin ifasında “Hümayun” muğamının təqdimi ilə yekunlaşıb. 
   Gecədə xanəndələri tarzən, Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbərliyi ilə “Könül” instrumental ansamblı müşayiət edib.

   Lalə