“Hər kəs heç olmasa bir dəfə Bakıya gələrək buranın zənginliyini görməlidir”
   
   31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə paytaxt Bakıda və ölkəmizin digər şəhər və rayonlarında çeşidli bayram tədbirləri keçirildi.    
   Bayram ənənəvi olaraq paytaxtımızda daha geniş təmtəraqla qeyd olundu. Şəhərin küçə və meydanları bayram ab-havasında bəzədilərək, xüsusi işıqlar qurulmuşdu. Yeni ilin gəlişi Bakının gözəlliyinə gözəllik qatmışdı. 
   Şəhərin müxtəlif yerlərində, xüsusilə Nizami küçəsində, Dənizkənarı bulvar ərazisində, Azneft dairəsində Yeni ilin rəmzləri qurulmuşdu. Yanvarın 3-dək davam edən bayram tətili günlərində şəhərin mərkəzi küçələrində Şaxta baba və Qar qız da 2018-ci ili qarşılayanlara maraqlı anlar bəxş etdi. 
   Dekabrın 31-də gecə saatlar 00:00 göstərəndə isə Bakıda ənənəvi atəşfəşanlıq təşkil edildi. Yeni ili şəhərin küçə və meydanlarında qarşılayanlar möhtəşəm görüntülərə şahid oldular.
   Bayram əhval-ruhiyyəsi təkcə şəhər sakinlərinə deyil, ölkəmizə üz tutan turistlərə də yaddaqalan anlar yaşatdı. Azərbaycanın dünyada sabit, tolerant ölkə kimi tanınması, eləcə də zəngin turizm imkanlarına sahib olması xarici turist sayının da ildən-ilə artmasına səbəb olur. Bayram günlərini Bakıda keçirmiş əcnəbi qonaqların təəssüratı da zəngindir.
   Birləşmiş Ərəb Əmirliklərindən Şərif Hamid ölkəmizi çox bəyəndiyini deyir: “İlk dəfədir Bakıdayam. Bakının memarlığı, şəhər mədəniyyəti və insanları çox xoşuma gəldi. Atəşfəşanlıq, doğrudan da, möhtəşəm idi. Yeni ili bulvarda qarşıladım”.
   Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş digər turist də Bakını çox bəyənib: “Şəhərin mərkəzi küçələrində vaxt keçirmək mənim üçün çox xoşdur. Azərbaycan, həqiqətən də, təhlükəsiz və çox rahat ölkədir”. 
   Ölkəmizə xarici qonaqları cəlb edən digər bir amil isə, heç şübhəsiz ki, milli mətbəximizdir. Rusiyalı turist Anastasiya Anatolyevna ölkəmizdə ilk dəfə olduğunu deyir: “Bakıya ailəmizlə birlikdə gəlmişik. Yeni il burada da çox möhtəşəm qeyd olunur. Şübhəsiz ki, milli yeməklərin də dadına baxdıq. Bir-birindən fərqli xörəkləriniz, zəngin mətbəxiniz var. Düşünürəm ki, hər kəs heç olmasa bir dəfə bu şəhərə gəlməli, buranın zənginliyi ilə tanış olmalıdır”.
   
   Fariz Hüseynov