Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, digər tarixi-memarlıq abidələri yerli və xarici turistlər üçün cəlbedici məkanlardır. Yeni ilin ilk günlərində Şəkiyə gələn xarici turistlərin içərisində MDB ölkələrinin vətəndaşları üstünlük təşkil edib.
Rusiyanın Bryansk vilayətindən olan Sergey Şemelin ilk dəfə Yeni ili dostları və ailələri ilə birlikdə Azərbaycanda qarşılayıb. O, AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Dostlarımızdan birinin valideyni hərbçi olduğu, Bakıda xidmət etdiyi üçün o, bu şəhərdə anadan olub. Məhz dostumuzun təklifi ilə Yeni ili Azərbaycanda qarşılamağı qərara aldıq. Əvvəlcə Bakının görməli yerlərini gəzdik, İçərişəhərdə olduq. Yeni il gecəsi doyunca əyləndik. Paytaxt sakinləri çox mehriban, gülərüz, qonaqpərvərdirlər. Ən əsası, ölkənizdə özümüzü tam təhlükəsiz hiss edirik”.
Regionlarla tanışlığa Şəkidən başladıqlarını diqqətə çatdıran rusiyalı qonaq Xan sarayının onlarda çox böyük təəssürat yaratdığını vurğulayıb. Rusiyalı turistlər Şəkidən sonra qonşu Qəbələyə, “Tufandağ” dağ-xizək kompleksinə getməyi planlaşdırdıqlarını deyiblər.
“Azərbaycana ikinci dəfədir gəlirəm. Altı ay əvvəl ilk səfərim zamanı yalnız Bakı şəhəri ilə tanış ola bildim. İxtisasca mühəndis olduğum üçün şəhərin arxitektura elementlərinə daha çox fikir verdim. Bakının qədim və müasir arxitekturası diqqətimi daha çox cəlb etdi, paytaxtınızın gözəlliyinə heyran qaldım. Qərara aldım ki, Azərbaycana yenidən səfər edim və bu dəfə regionlara baş çəkim”.
Bu sözləri qazaxıstanlı turist Aygerim Kurenbayeva Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Şəkidə “Yuxarı Karvansaray” mehmanxana kompleksində yerləşdiyini deyən A.Kurenbayeva qeyd edib ki, Şəkidə Azərbaycanın qədim tarixini özündə yaşadan çoxlu sayda abidə var və şəhərdə mədəni irsə göstərilən qayğı onun çox xoşuna gəlib. Azərbaycanın milli mətbəxinin dadlı və ləziz yeməklərlə zəngin olduğunu vurğulayan qazaxıstanlı turist göyərti və ətdən hazırlanan müxtəlif növ qutabların, yarpaq dolmasının onun çox xoşuna gəldiyini bildirib.