Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində 16 mindən çox turist qəbul edib. Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, beş gün ərzində (30 dekabr - 3 yanvar) buraya gələnlərin 40 faizi xizək həvəskarları olub.
   Artıq 6-cı mövsümdür ki, “Şahdağ”da Yeni il tətilini tam fərqli ab-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur. Bayram günləri qış turizm mövsümünün ən gözlənilən anlarıdır. Yeni il tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlər üçün isə “Şahdağ” Turizm Mərkəzi ideal məkandır. Buraya üz tutan turistlərin sayı ilbəil artır.
   Bu il də Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi, maraqlı və unudulmaz təəssürat bəxş edib.
   Bayram günlərində turistlərin istirahətini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
   Mərkəzin ərazisində 3 beşulduzlu (“Şahdağ Hotel və Spa”, “Pik Palace”, “Park Chalet”) və bir dördulduzlu (“Zirvə”) hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda 20-yə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, spa xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, konfrans zalı və s. kimi xidmətlərlə də qonaqların ixtiyarındadır.