2017-ci ilin son günləri Bakının teatrsevərləri gözəl bir sənət hədiyyəsi aldılar. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Qastrol Fəaliyyətinə Federal Dəstək Mərkəzinin “Böyük qastrollar” proqramının xətti ilə A.Raykin adına "Satirikon" Rusiya Dövlət Teatrı Bakıya gəldi. Kollektiv dekabrın 22-də və 23-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində iki tamaşa - "Konstantin Raykin. Öz səsimlə" monotamaşası və J.B.Molyerin "Zorən təbib" komediyası ilə çıxış etdi.
Təşkilatçılar qastrol tamaşalarından əvvəl mətbuat nümayəndələri üçün "Satirikon"un bədii rəhbəri, Rusiyanın Xalq artisti, Rusiya Dövlət mükafatı laureatı Konstantin Raykin və Federal Mərkəzin Teatr layihələrinin inkişafı şöbəsinin rəisi Aleksandr Serovun iştirakı ilə mətbuat konfransı keçirdilər. Media mənsublarının suallarına ətraflı cavab verən K.Raykin bizim özəl suallarımızı da cavablandırmaqdan imtina etmədi.
- Konstantin Arkadyeviç, illər sonra Bakıya xoş gəlmisiniz!
- Çox sağ olun. Təsəvvür edirsiniz, Bakıya ilk gəlişimdən təxminən qırx il keçir. O zaman "Sovremennik" teatrı ilə qastrola gəlmişdim. Təxminən altı il əvvəl "Kontrabas" monotamaşası ilə "Üns" teatr səhnəsində çıxış etmişəm. O vaxtdan şəhər tamam dəyişib. Amma mən yenə də çox sevdiyim Bakını görürəm.
- Yəni?
- Bilənlər bilir ki, ilk həyat yoldaşım Alagöz Salahova bakılı idi. Düzdür, biz çoxdan ayrılmışıq, amma bir-birimizə hörmətimiz var. Bakını da, Azərbaycan mətbəxini də mənə o sevdirmişdi, Qafqaz qonaqpərvərliyi ilə o tanış etmişdi.
- Belə çıxır ki, şəhərə olan sevgi qadına bəslənilən məhəbbətdən güclü çıxıb!..
- Çox dəqiq dediniz... Ümumiyyətlə, bir sıra şəhərlər var ki, onların mənim üçün dəyəri başqadır. Bakı da həmin şəhərlərdən biridir. Əslində bu şəhərə məhəbbət atamdan mənə irsən keçib. O, Leninqrad, Odessa və Bakını çox sevirdi. Bu şəhərlərdə qarışıq mədəniyyət xəmirindən yoğurulmuş tamaşaçı kontingenti var idi. Düzdür, indi zəmanə dəyişib, biz də dəyişmişik. Amma düşünürəm ki, həmin kök məhv olmayıb.
- Bakı demişkən, bəlkə "Satirikon"un paytaxtımıza gətirdiyi tamaşa seçimindən danışasınız...
- Bakıya gətirdiyiniz proqram əslində rasionallıqla seçilib. "Satirikon" keçmiş kinoteatrın binasında yerləşir. Təbii ki, tamaşa quruluşunda bu ölçülər nəzərə alınır. Molyerin "Zorən təbib" tamaşası isə daha kompaktdır, onu qəbul edən tərəfin səhnəsində oynamaq rahatdır. Bu tamaşa Arkadi Raykinin ülgüləri əsasında hazırlanıb. Yadınızdadırsa, Arkadi Raykinin öz yeniliyi var idi. Səhnənin bir tərəfindən arxaya keçib sürətlə əynini və qrimini dəyişərək bir anda digər tərəfdən səhnəyə qayıdırdı. Bir tamaşa boyu xeyli mono-miniatürdə müxtəlif obraz yaradırdı. Biz bu tamaşada həmin üslubdan istifadə etmişik. Molyerin tamaşasında 12 obraz var. Onların hamısını 3 aktyor ifa edir. Dörd aktyor isə səhnə arxasında dayanır ki, onlara kömək etsin. Mən onun janrını "böyüklər üçün uşaq tamaşası" kimi müəyyən edirəm. Çünki tamaşada obrazdan obraza keçid demək olar ki, sirk artistinin tryuku tezliyində baş verir, aktyor sağdan səhnə arxasına keçib bir an sonra soldan başqa obrazda səhnəyə qayıdanda tamaşaçı uşaq kimi elə zənn edir ki, möcüzə baş verib!
- Bayaq qeyd etdiniz ki, "Öz səsimlə" tamaşası bu həyatda sizinlə qoşa addımlayır...
- Təxminən qırx il olar ki, mən bu tamaşa ilə çıxış edirəm. Əslində mən onu həyatımın tamaşası hesab edirəm. Bu gün mən kiməmsə, mənim tamaşam da odur! Əvvəllər bu tamaşada xeyli şən, məzəli əhvalat, satirik şeir, yumoristik səhnə var idi. Yəni daha çox “stend-up” komediya idi. Elə vaxtlar olurdu ki, tamaşaçılar uğunmaqdan az qala kreslodan yıxılırdılar. Amma zaman keçdikcə insanları sadəcə, güldürmək məni bezdirməyə başladı. Düzdür, tamaşaçı məndən onu əyləndirməyi gözləyirdi. Mən isə, əksinə, tamaşaçının gözləmədiyini ona göstərməklə təəccübləndirmək, düşündürmək istəyirdim. Beləcə, yavaş-yavaş həmin tamaşada poeziyanın payı artdı. Artıq uzun illərdir ki, mən sırf poetik monotamaşa oynayıram. Onu da deyim ki, "Öz səsimlə"nin proqramı daim təzələnir. Hansısa şeirləri əlavə edirəm, hansınısa çıxarıram. Hərdən fikirləşirəm ki, deyəsən, dünyada rus dilini bilən bütün insanların qarşısında bu tamaşanı oynamışam. Bir də gərək gözləyəm ki, yeni nəsil yetişsin, onlar üçün də "Öz səsimlə"ni oynayım. Təbii ki, qismət olarsa...
- Sizin səfərinizdən əvvəl "Satirikon"un saytına daxil olub teatrın fəaliyyəti ilə maraqlandım. Gördüm ki, cari repertuarınız, belə demək mümkünsə, yığcamdır...
- “Yığcam” sözünə görə çox sağ olun. Bəziləri birbaşa soruşur ki, repertuarınız niyə kasıbdır?
- Sizin və kollektivinizin yaradıcılıq potensialına bələd olan gərək belə sual verməsin...
- Bizim teatrın repertuarı kiçikdir. Mənim monotamaşamı nəzərə almasaq, teatrın cari repertuarında 7 tamaşa var, yəni həftənin günlərinin sayı qədər. Bəzən ola bilər ki, tamaşanın sayı çox olsun... Amma uzun illərdir ki, bizim teatrda belədir.
- Bu, yəqin ki, teatrın bədii rəhbərinin siyasətidir?
- Bəli, tamaşanın "formada" qalması, yaddan çıxmaması üçün o, gərək ayda dörd dəfə oynanılsın. Premyera təxminən ayda altı dəfə göstərilir. Mənim fikrimcə, teatrın cari repertuarında tamaşa sayının çoxluğu, onların say etibarilə bir-birini sıxışdırması bir növ teatr təsərrüfatsızlığı deməkdir. Elədə hər hansı tamaşa orta hesabla ayda bir dəfə oynanılır, bu isə çox azdır. Yox, əgər tamaşaya tələbat azalıbsa, baxılmırsa, onu repertuardan çıxarırıq. Bəli, bizim tamaşalar digər teatrlardakı qədər uzunömürlü deyil. Bilirsiniz, bir var süfrə arxasından yüngül aclıq hissi ilə qalxasan, yeməyin arxasınca gözün qalsın, bir də var ki, mədən tutandan artıq yeyəsən, süfrəyə baxanda yumşaq desək, özünü pis hiss edəsən...
- "Satirikon" tamaşanın arxasınca baxaraq ondan ayrılır...
- Bəli!
- Bəs belə hallar tez-tez baş verir?
- Otuz ildir ki, teatrda bədii rəhbərəm. Desəm ki, uğursuz tamaşamız olmayıb, yalan olar. Çox olmasa da, ümidimizi doğrultmayan tamaşalar olub. O zaman biz özümüzə qarşı qəddar yanaşaraq, həmin tamaşanı repertuardan çıxarmışıq. Tamaşaçı uğuru mütləq olmasa da, çox vacibdir!
- Konstantin Arkadyeviç, Rusiya Teatr Xadimləri İttifaqının gənc aktyorlar üçün təşkil etdiyi yay düşərgəsində Azərbaycandan da iştirakçı var idi. Sizin onlara keçdiyiniz ustad dərsindən sonra teatr prosesi, müasir teatr barədə can yanğısı ilə etdiyiniz söhbəti uşaqlar sosial şəbəkədə yaymışdılar. Teatrın bu günü və gələcəyi barədə düşündüklərinizi şəxsən dilinizdən eşitmək istərdim...
- İki mövsümdür ki, “Satirikon” öz binasında yox, icarədə çalışır. Bina əsaslı təmirdədir. Üstəlik, yeni metro xətti bizim binanın altından keçdiyi üçün işlər uzanır. Amma öz binamızda olmasaq belə, yenə də "Satirikon"a tamaşaçı tələbatı var. Əgər, ümumiyyətlə, teatrın taleyindən danışası olsaq, dünya statistikasına görə, istənilən şəhərdə əhalinin yalnız 9-10 faizi teatra gedir. Üstəlik, teatr incəsənətin baza növü sayılır.
Teatrın həm də öz ölkəsindəki situasiya üzündən problemləri olur. Bütün teatr insanları eyni zümrəni təmsil etsələr də, hər halda mən bu gün xaricdəyəm və həmin problemlərdən danışmaq istəməzdim.
- Sizin vətəndaş mövqeyinizi alqışlayıram.
- Anlayışa görə siz də çox sağ olun. Sizə bir söz deyim. Hələ heç vaxt heç nə mühitin müqavimətinə rast gəlmədən yaranmayıb. Mühit öz əksinə gedərək, yeniliyi yaradır.
- Yəqin ki, sizə də öz mühitinizdə dayaq olan nələrsə, hansısa qüvvə var...
- Mən öz yaratdığım mühitin girovuyam. Otuz ildir ki, teatra rəhbərlik edirəm. Həyatımın mənası da budur, əslində mənə başqa həyat, həyatda başqa bir məna gərək də deyil! Mən öz teatrımın aktyorları üçün rəqabət qabiliyyətli mühit yaratmaqla məşğulam. Çünki aktyor özünü rahat hiss edəndə sənətkar kimi məhv olmağa doğru gedir. Amma kollektivə yeni qüvvələr gələndə, "köhnələr" gərginliyə düşürlər. Bilirlər ki, yeni gələnlər yaradıcılıq baxımından onları ötüb keçə bilər. Həm də mən gənclərə oynamaq üçün imkan verirəm, bu isə bütün aktyor kollektivini formada qalmağa vadar edir, onlar öz yerlərinin qədrini daha yaxşı bilirlər.
- Tələbələriniz sizin onlara münasibətinizdən həmişə ağızdolusu danışırlar.
- Bilirsiniz, əgər mən müəlliməmsə, öz kursumu yığıramsa, deməli, həmin gənclər üçün məsuliyyət daşıyıram. Adətən Moskvada belədir: aktyor olmaq istəyənlər eyni vaxtda bütün məktəblərə sənəd verirlər, bəzən hətta iki-üç yerə daxil olurlar. Onlar kimdən dərs alacaqlarını özləri seçirlər. Deməli, Rusiyanın müxtəlif şəhərlərindən, xaricdən gələn uşaqlar məni seçirlərsə, həyatlarının ən vacib dörd ilini məndən dərs alaraq keçirmək istəyirlərsə, bu, mənim üçün böyük öhdəlikdir. Mən çalışmalıyam ki, onlar öz seçimlərinə görə peşman olmasınlar.
- Öz tamaşaçılarınıza qarşı da eyni məsuliyyəti hiss edirsiniz?
- Məncə, aktyor, teatr insanı üçün ən vacib hiss tamaşaçıya məhəbbətdir! Bir zaman bu barədə dahi aktyor Mixail Çexov da yazıb, atam da həmişə bunu deyərdi. O, həmişə tamaşa salonuna tam vurğun halda səhnəyə çıxardı. Məni qoruyan və güc verən də bu hisdir.
Gülcahan Mirməmməd