Yanvarın 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İştirakçılar muzeyin foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi ilə tanış olublar.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova çıxış edərək sənətkarın ömür yolundan danışıblar. Bildirilib ki, 1927-ci ildə Naxçıvanda anadan olan Nəriman Məmmədov şəhərdəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Bakıda Asəf Zeynallı adına Musiqi məktəbinin nəzəriyyə şöbəsində oxuyub. Bu dövrdə xalq çalğı alətləri üçün "Süita»sını bəstələyib. Əsər Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.
Nəriman Məmmədov daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili alıb. 1943-cü ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan N.Məmmədov sonralar Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb, Asəf Zeynallı adına Musiqi məktəbində müəllim işləyib. 1961-ci ildən ömrünün sonunadək AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışıb.
Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. Səməd Vurğunun “Komsomol poeması” əsəri əsasında yazdığı “Humay” baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnə təcəssümü tapıb. Xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirib. Bəstəkarın Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti də təqdirəlayiqdir.
Tədbirdə bəstəkarın qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kaminə Məmmədova çıxış edərək iştirakçılara təşəkkürünü bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Bəstəkarın əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.