Ekran əsərinin rejissoru İlqar Safat “Kaliforniya film mükafatları - 2011”in “Qızıl mükafatı”na layiq görülüb
   
   Xəbər verdiyimiz kimi, Azərbaycanın “Nərimanfilm” kinostudiyasının “Sahə” bədii filmi Birləşmiş Ştatlarda “Kaliforniya film mükafatları - 2011” (2011 California Film Awards) müsabiqəsinin nominantları sırasına daxil edilmişdi. Kinostudiyadan bildiriblər ki, bu günlərdə Kaliforniya ştatının San-Dieqo şəhərində müsabiqə qaliblərinin təntənəli mükafatlandırma mərasimi təşkil edilib. Mərasimdə qaliblərin adları geniş ictimaiyyətə açıqlanıb.
   Mükafat alanlar sırasında azərbaycanlı rejissor, “Sahə” filminin quruluşçu-rejissoru və ssenari müəllifi İlqar Safat da var. Həmyerlimizə “Kaliforniya film mükafatları - 2011”in “Qızıl mükafat”ı təqdim edilib.
   Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina kimi ölkələri əhatə edən bu mötəbər sənət yarışmasında gənc rejissorların filmləri kino sənayesinin tanınmış ustadlarından ibarət mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilir.
   Müsabiqənin əsas məqsədi kino istehsalının inkişafına və tərəqqisinə kömək göstərmək, mədəniyyət xadimlərinə, həmçinin rejissorlara dəstək olmaq, kino sənayesinin təşəkkül tapmasına çalışmaqdır.
   Xatırladaq ki, məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edən “Sahə” bədii filmi “Nərimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır. Film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “PAŞA Bank”ın iştirakı ilə ekranlaşdırılıb.
   Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər.
   Filmin ssenari müəllifi və quruluşçu-rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu-rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.