Mingəçevirə gələn turistlər Tarix muzeyinə xüsusi maraq göstərirlər
   
   1968-ci ildə 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir Şəhər Tarix Muzeyində hazırda 16 min eksponat sərgilənir. 1946-1953-cü illərdə arxeoloq-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılan arxeoloji qazıntılar zamanı e.ə. III minillikdən XVII əsrədək ayrı-ayrı dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Eksponatların 50-si saxlanılmaqla digərləri tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Elə həmin 50 ədəd eksponat əsasında da formalaşan muzeydə hazırda nümayiş etdirilən ekspozisiyalar, Mingəçevir SES-nin tikintisi ilə bağlı çəkilmiş fotoşəkillər və digər məişət əşyaları daha çox diqqəti cəlb edir.
   Muzeyin direktoru Nofər Məmmədəliyev bildirib ki, ötən il muzeyin 36 min ziyarətçisi olub ki, onlardan 2 mini əcnəbi vətəndaşlardır. Xarici turistlər daha çox qədim xalçalarla, e.ə. III minillikdə Mingəçevirdə sivilizasiyanın olduğunu sübut edən su ötürücü borularla maraqlanırlar. Onların ən çox diqqətini cəlb edən eksponatlardan biri də II Dünya müharibəsindən sonra burada yaşamış alman əsirlərindən Villi Deeşin xalqımızın humanistliyi ilə bağlı qələmə aldığı xatirələridir.