Son illər ölkəmizin turistik baxımından inkişaf edən bölgələri arasında Balakən rayonu da var. Respublikamızın şimal-qərb qapısı sayılan Balakənə turist axını artmaqdadır. 4-5 il əvvələdək rayona il ərzində 6-7 min nəfər turist gəlirdisə, ötən il bu göstərici 23 min nəfərə çatıb. Onların 7 min 560 nəfərini xarici turistlər təşkil edib.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva bildirib ki, rayon ərazisində turistlər və gələn qonaqlar üçün maraq kəsb edən əsrarəngiz təbiət guşələri, qədim tarixi abidələr, həmçinin müasir turizm infrastrukturu mövcuddur. Balakəndə kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.
Rayonda 12 turizm marşrutu və rekreasiya zonası müəyyənləşdirilib. Balakəndə dövlət qeydiyyatından keçmiş 29 tarix və mədəniyyət abidəsi və 30 yeni aşkar edilmiş abidə var. Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir. Parkın ərazisindəki 4 ulduzlu “Qubek” hoteli 2010-cu ildən turistlərin istifadəsindədir.