Xəbər verdiyimiz kimi, Milli Məclis “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” qanun qəbul edib. Dəyişiklik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətə ən gec 3 saat müddətinə baxılmasını nəzərdə tutur.
2017-ci il 29 dekabr tarixli qanun Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib. Yanvarın 11-də dövlət başçısı qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.