Görkəmli bəstəkar Elza İbrahimovanın xatirəsi anıldı
Yanvarın 10-da, tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın doğum günündə mədəniyyət və incəsənət xadimləri II Fəxri xiyabana gələrək musiqiçinin məzarını ziyarət etdilər. Bəstəkarın məzarı önünə tər çiçək dəstələri düzüldü, xatirəsi ehtiramla yad edildi.
Anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq il ərzində Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək.
Sənətkarın həyat və fəaliyyətindən danışan nazir müavini qeyd etdi ki, Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir. O, 1938-ci il yanvarın 10-da Hacıqabul rayonunda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Bakı şəhərində 8 nömrəli musiqi məktəbində alıb. 1953-1957-ci illərdə indiki Asəf Zeynallı adına Musiqi Kollecində oxuyub. 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində təhsilini davam etdirib.
Bildirildi ki, Elza İbrahimovanın məhsuldar yaradıcılıq yolu olub. O, Azərbaycan musiqisi tarixində yerini əbədiləşdirən parlaq, ölməz və yaddaqalan əsərlər yaradıb. Elza xanım Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov və o dövrün digər tanınmış ulduzları ilə əməkdaşlıq edib.
1957-ci ildən ayrı-ayrı musiqi məktəblərində dərs deyən bəstəkar 1970-1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi Kollecində fəaliyyət göstərib, musiqiçi kadrların hazırlanması sahəsində bilik və bacarığını əsirgəməyib.
Bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycanın və Dağıstan Respublikasının (Rusiya Federasiyası) Xalq artisti fəxri adlarına layiq görülüb. Elza İbrahimova 11 fevral 2012-ci ildə vəfat edib.
Ədalət Vəliyev bildirdi ki, 80 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görkəmli bəstəkar haqqında kitabın, eləcə də not əsərlərinin çap olunması nəzərdə tutulub. Həmçinin fevralın 21-də Heydər Əliyev Sarayında böyük konsert proqramı planlaşdırılıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Elza İbrahimovanın həyat və fəaliyyətindən danışdılar.
Bildirildi ki, onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Sənətkar həmçinin bir neçə teatr tamaşasına musiqilər bəstələyərək bu janrda da özünü uğurla sınayıb. Elza İbrahimova mahnı janrının inkişafında xüsusi xidmətlər göstərib. Onun müxtəlif illərdə bəstələdiyi və görkəmli müğənnilərimizin repertuarında xüsusi yer tutan mahnıları bəstəkara geniş şöhrət gətirib. Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Rəfiq Zəka və digər şairlərin sözlərinə yazılan, yarım əsrdən artıq bir dövr ərzində səslənən bu mahnılar öz emosionallığı və melodikliyi sayəsində dinləyicilər arasında böyük rəğbət qazanıb.
Sənətkarın ailə üzvləri adından qardaşı Çingiz İbrahimov çıxış edərək bəstəkarın xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirdi.
Fariz Hüseynov