Yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı təqdim edilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.
“Vokal musiqi axşamı” adlı konsertdə respublikanın tanınmış gənc ifaçıları iştirak ediblər. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunub.
Konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, V.A.Motsart, P.İ.Çaykovski, G.Hendel və digər bəstəkarların əsərləri səsləndirilib.
Əməkdar artistlər İlhamə Abdullayeva, İlham Nəzərov, vokalçılar Kamran Rzayev, Cəlal Kərimov, İlham Nəzərov, Kamilla İmanova və başqalarının çıxışları alqışlarla qarşılanıb.
İfaçıları pianoda Dilarə Kərimova və Nərgiz Əliyeva müşayiət edib.
“Gənclərə dəstək” layihəsinin növbəti konserti yanvarın 29-da təqdim ediləcək.
Qeyd edək ki, bu layihə çərçivəsində ötən il 30-dək konsert proqramı təşkil olunub.